COP26 İqlim Konfransı başa çatıb
Qlazqo, 14 noyabr, AZƏRTAC
Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Konfransı başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransda təhlükəli iqlim dəyişikliyinin qarşısının alınmasına yönəlmiş “Qlazqo İqlim Paktı” razılaşması əldə olunub.
Paktda qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq, kömürdən istifadəni məhdudlaşdırmaq, yoxsul ölkələrə maliyyə yardımını artırmaq kimi məsələlər qeyd olunub. Bu Pakt istixana qazları üçün qalıq yanacaq olan kömürün azaldılmasını açıq şəkildə planlaşdıran ilk iqlim sazişidir.
Konfrans zamanı kömürdən istifadəni dayandırmaq vəd olunsa da, Hindistanın buna qarşı çıxması ilə kömürdən mərhələli şəkildə imtina qərarı qəbul olunub.
Kömür ən çox iqlim dəyişikliyinə səbəb olan qalıq yanacaqdır.
Həmçinin ölkələr qlobal istiləşməni 1,5 dərəcə Selsiyə çatdırmaq üçün gələn il görüşməyə qərar veriblər.
COP26 danışıqları cümə günü başa çatmalı idi, lakin qalıq yanacaqlar və yoxsul ölkələrə maliyyə yardımı ilə bağlı fikir ayrılıqları danışıqların şənbə günü də davam etməsinə səbəb olub.
Qeyd edək ki, 2022-ci ildə COP27 İqlim Dəyişikliyi Konfransının Misirin Şarm əl-Şeyx kurort şəhərində keçirilməsi qərara alınıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Qlazqo