CORC BUŞ İRAQA NİYƏ GETMİŞDİ?
Nəzərdə tutulduğu kimi, Buş İraqda beş saat qalmışdır. Bu müddət ərzində o, ABŞ hərbçiləri və İraq rəhbərliyinin nümayəndələri ilə görüşmüşdür.
Buş Bağdad hava limanından vertolyotla İraq paytaxtının xüsusilə güclü mühafizə olunan və hökumət idarələrinin, diplomatik nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”sına getmişdir. Ağ evin nümayəndələri Assoşieyted Press Agentliyinə bildirmişlər ki, bu uçuş Buş üçün ən təhlükəli idi.
ABŞ Prezidenti Baş nazir Nuri Məliki, ölkə rəhbərliyinin digər yüksəkvəzifəli nümayəndələri, habelə yerli siyasi liderlərlə və Amerika hərbiçiləri ilə görüşmüşdür.
Buşun Bağdada səfərini hökumətin yalnız bəzi əməkdaşları və bir neçə jurnalist bilirdi. Jurnalistlər bu informasiyanı gizli saxlamağa söz vermişdilər.
Ağ evin nümayəndələri bildirmişlər ki, Buşun İraqa səfərinin mümkünlüyü məsələsi artıq neçə həftə idi müzakirə olunurdu, lakin Vaşinqtonda gözləyirdilər ki, yeni Baş nazir öz hökumətini formalaşdırıb qurtarsın və güc qurumlarının rəhbərlərini təyin etsin.
Xatırladaq ki, bu, Buşun Amerika qoşunlarının İraqa müdaxiləsindən sonra Bağdada ikinci səfəridir. 2003-cü ildə o, Bağdada Amerika əsgərlərini Şükranlıq günü münasibətilə təbrik etməyə gəlmişdi. Onda Buş İraqda cəmi bir neçə saat qalmış və hava limanının ərazisini tərk etməmişdi. Prezident ölkəni tərk etməyincə səfər barədə məlumat verilməmişdi.