İDMAN
Corc Rassell virtual Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
Bakı, 8 iyun, AZƏRTAC
“Williams”ın pilotu Corc Rassell virtual Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, “F1 2019” oyun bazasında təşkil olunan yürüşdə britaniyalı sürücü poul-pozişndə birinci yeri tutduqdan sonra ardıcıl üçüncü dəfə inamlı qələbə qazanıb. “Red Bull”un pilotu Aleksander Albon ikinci, “Mercedes”in üzvü Esteban Qutyerres isə üçüncü pillədə qərarlaşıblar.
“Ferrari” pilotu Şarl Lekler isə bir neçə dəfə qəzaya düşüb və yekunda 14-cü olub. O, ilk belə hadisə ilə 2019-cu il Azərbaycan Qran-prisindəki kimi, eyni döngədə üzləşib. Monakolu sürücü komanda yoldaşı Entso Fittipaldi ilə toqquşub.
Qran-Pridə pilotlarla yanaşı, İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Aymerik Laporte, İtaliyanın “Milan” komandasının qapıçısı Canluici Donnarumma, İspaniyanın “Real Madrid” komandasının qolkiperi Tibo Kurtua da birincilik uğrunda yarışıblar.
Yürüş Formula 1-in “YouTube”, “Twitch”, “Facebook”, həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanıb.
Çempionatın final mərhələsi iyunun 14-də Kanada da təşkil olunacaq.