DÜNYA
Corcio Napolitano üçün İtaliya Senatında cənazə otağı qurulacaq

Roma, 23 sentyabr, AZƏRTAC
98 yaşında vəfat edən İtaliyanın 11-ci Prezidenti Corcio Napolitano üçün sentyabrın 24-də Senatda cənazə otağı qurulacaq.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Senatının sədri İqnazio Benito Maria La Russa deyib.
O bildirib ki, dövlət bayrağı yarıyadək endiriləcək. Nazirlər Şurası isə sentyabrın 25-də keçmiş Prezidentlə dövlət səviyyəsində vida mərasiminin keçiriləcəyi yerlə bağlı qərar verəcək.
İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni hökumət adından Corcio Napolitanonun vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı veriblər. Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk də keçmiş Prezidentin vəfatı ilə bağlı İtaliya xalqına başsağlığı verib.
Qeyd edək ki, sabiq Prezident uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi və Romadakı “Salvator Mundi” klinikasında müalicə olunurdu.
Corcio Napolitano İtaliya tarixində iki dəfə prezident seçilən yeganə dövlət başçısıdır. O, ilk dəfə 2006-cı ildə, ikinci dəfə isə 2013-cü ildə prezident olub. C.Napolitano 7 illik səlahiyyət müddətini başa vurmadan 2015-ci il yanvarın 14-də istefa verib və onun yerinə hazırki Prezident Sercio Mattarella seçilib. O, İtaliyanın fəxri prezidenti, 2015-ci ildən isə ömürlük senator olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma