MƏDƏNİYYƏT
Cövdət Hacıyevin anadan olmasının 95 illiyi
Bakı, 18 iyun (AZƏRTAC). Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq Artisti Cövdət Hacıyevin 95 yaşı tamam olur.
Cövdət Hacıyev Azərbaycan simfonizminin banilərindən biridir. O, “Vətən” operasının (Qara Qarayevlə birlikdə), simli kvartet, fortepiano, xor üçün yazılmış əsərlərin, 8 simfoniyanın, “Sülh uğrunda!” simfonik poemasının (1951-ci il), “Azərbaycan süitasının”, simfoniettanın müəllifidir.
Cövdət Hacıyevin “Onu zaman seçmişdir” adlı səkkizinci simfoniyası görkəmli siyasi xadim, Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.
Bəstəkarın yaradıcılığının əsasını təşkil edən simfonik musiqidən başqa o, kamera-instrumental, vokal, habelə xor əsərləri də yaratmışdır.
Azərbaycan Dövlət Konservatoriyasının professoru 2 orden, medallar, habelə, SSRİ Dövlət mükafatı ilə təltif edilmişdir. 1960-cı ildə ona Azərbaycan SSR-in Xalq Aartisti adı verilmişdir.
Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də vəfat etmişdir.