CƏMİYYƏT
COVID-19-la bağlı orta tibb işçilərinin diqqət yetirməli olduğu vacib məqamlarla əlaqədar vebinar keçirilib
Bakı, 28 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarda Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov yeni növ koronavirus (COVID-19) xəstələrinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsində həkimlərlə yanaşı tibb personalının da rolunun vacibliyini vurğulayıb və tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Vebinarın elmi hissəsi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudovun moderatorluğu ilə keçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar Karantin Xidmətinin əməkdaşı Natiq Zülfüqarov, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva, həkim-metodisti Səttar Yaqubov və Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Gülyaz Fərəcova təqdimatla çıxış ediblər.
200-dən çox orta tibb işçisinin iştirak etdiyi vebinarda tibb bacılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, orta tibb personalı üçün davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.