Culfa rayon məktəbliləri ilə görüş olub
Naxçıvan, 11 fevral, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ilə Culfa Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Təhsil Nazirliyinin sektor müdiri Mətanət Əliyeva görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsı və onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsıdır.
AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev şagirdlərlə görüşdə 98 il bundan əvvəl Naxçıvan Muxtar Respublikasının yaradılması zərurəti ilə bağlı, Naxçıvan tarixinin muxtariyyət dövrü haqqında geniş məlumat verib. Akademik “Şərqin qapısı” adlandırılan Naxçıvanda XIX əsrin 20-ci illərindən başlayan ictimai-siyasi proseslər, savadsızlığın aradan qaldırılması, mədəni inqilabın həyata keçirilməsi, Naxçıvan üçün mühüm tarixi əhəmiyyətə malik Qars müqaviləsinin imzalanması və digər hadisələr barədə danışıb. İsmayıl Hacıyev XX əsrin 90-cı illərində Naxçıvanın çətin müharibə şəraitində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikanın blokada vəziyyətində necə mübarizə aparmasından, əhalinin sosial-iqtisadi durumunun yüngülləşdirilməsi üçün qonşu dövlətlərlə diplomatik danışıqlarının əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edilib, həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitlik, tərəqqi və həmrəylik təmin olunub. Milli quruculuq siyasəti bu gün muxtar respublikada Ulu Öndərin siyasi məktəbinin məzunu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, Prezident, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbənin də Naxçıvan tarixində əhəmiyyətli rolu vardır. Qədim İpək yolunun üzərində yerləşən Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılması bu inkişafı sürətləndirəcək. Hadisələrin tarixi inkişafı göstərir ki, Azərbaycan və onun ayrılmaz tərkib hissəsi Naxçıvan etibarlı əllərə əmanət edilib.
Görüşdə şagirdlərin çoxsaylı sualları cavablandırılıb.