REGİONLAR
Culfa rayonundakı tarixi Ləkətağ körpüsü yenidən qurulub
Culfa, 22 oktyabr, AZƏRTAC
Muxtar respublikanın Culfa rayonunun Ləkətağ kəndində yerləşən orta əsrlərə aid körpüdə yenidənqurma işləri aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, körpünün uzunluğu 47, eni 3, çay yatağından hündürlüyü isə 7,5 metrdir. Körpü tamamilə yenidən qurulub. Onun inşasında yerli materiallardan istifadə edilib.
Naxçıvan memarlıq məktəbinin nümunəsi olan körpü Culfa rayonun Ərəfsə və Ləkətağ kəndlərinin arasında yerləşir. Xalq arasında ona “Ərəfsə körpüsü” və ya “Culfa körpüsü” də deyilir. Bir aşırımlı olan bu qurğu Əlincəçayın üzərində yerləşir.
Naxçıvan Muxtar Respublikasının Əməkdar memarı Arif Əzizov AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyib ki, inşa tarixi XVI-XVII əsrlərə, Səfəvilər dövrünə aid olan abidə dağılma təhlükəsi ilə üz-üzə idi. Amma indi yenidən əsaslı şəkildə bərpa olunub.
A.Əzizov qeyd edib ki, tək aşırımlı körpüdə işə başlayanda onun tağı və çay daşlarından ibarət bir neçə metr ölçüsü qalmışdı. Uçma təhlükəsi var idi: “Muxtar respublika rəhbərinin tapşırığı ilə burada bu ilin iyununda işə başlamışıq. Körpünün sağ və sol tərəflərində divarları bərkitmə işləri aparılıb, dayaqlar möhkəmləndirilib. Uzunömürlü olması üçün körpü hər iki tərəfdən betonlanıb. Yaz vaxtı gur gələn və çay yatağında yayılan suyun bu hissədən sərbəst keçməsinə imkan yaratmaq məqsədilə körpünün sol hissəsində əlavə olaraq 3 kiçik suötürücü tağ da qurulub. Bundan başqa, körpünün ətrafındakı hissələrdə yuyulmanın qarşısını almaq üçün iri daşların köməyi ilə sahilbərkitmə işləri görüləcək.
Qeyd edək ki, körpünün divarlarının üzləməsində yerli dağ daşlarından istifadə edilib. Üzərində isə “Ərəfsə daşı” adlanan materialla məhəccərlər qaldırılıb. Yenilənən yolun kənarından uzanan qədim yol da müasir texnikanın gücü ilə genişləndirilib. Eyni zamanda, yaxından keçən Naxçıvan-Ləkətağ magistral yoldan körpüyə qədər olan 70 metr yol asfaltlanacaq. Həmin yolun kənarlarında suötürücü arxlar yaradılıb. İşlərin yaxın günlərdə tamamilə yekunlaşdırılması planlaşdırılır.