ELM VƏ TƏHSİL
Cümhuriyyət ideologiyası kontekstində filoloji fikrin keçdiyi yol və uğurları müzakirə edilib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görkəmli alim və gənc tədqiqatçıların iştirak etdikləri konfransda Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin formalaşmasında mühüm rol oynamış AXC-nin kontekstində filoloji fikrin keçdiyi yol və uğurları müzakirə olunub.
Universitetin rektoru Səadət Əliyeva dövlətimizin başçısının 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq Sərəncamını xatırladıb, rəhbərlik etdiyi ali məktəbdə bu istiqamətdə tədbirlərin keçirildiyini söyləyib.
Bildirilib ki, AXC ictimai, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, həm də XIX əsrin sonu – XX əsrin əvvəlləri siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Həmin dövrdə tarixin heç bir dönəmində təsadüf edilməyən nəhəng mütəfəkkirlər ordusu olub. Bu dövrün aparıcı ədəbi simaları, görkəmli ədibləri olmasaydı, cümhuriyyət məfkurəsi formalaşmaz, belə bir dövlət qurulmazdı.
Rektor tədbirdə cümhuriyyətçilik ideologiyasının mədəniyyətdə, ictimai şüurda, humanitar fikirdə tutduğu mövqeyin müzakirə olunacağını və bu baxımdan konfransın əsas məramını səmərəli hesab etdiyini qeyd edib.
Diqqətə çatdırılıb ki, konfransda ədəbiyyatın özünün cümhuriyyət ideologiyasının təşəkkülündə rolu da araşdırılacaq.
Konfransın plenar iclasında professorlar Fəxrəddin Veysəlli, Vaqif Sultanlı və Bədirxan Əhmədov mövzu ətrafında məruzələrlə çıxış ediblər. Məruzələrdə AXC dövründə əlifba və dil sahəsində görülmüş genişmiqyaslı işlərdən söz açılıb, Cümhuriyyətin elmi ədəbiyyatdakı adı, Qafqaz İslam Ordusunun Azərbaycana dəvət olunması, Bakının işğaldan azad edilməsi, habelə AXC qurucularının ictimai-siyasi fəaliyyəti kimi mövzulardan bəhs olunub. Həmçinin Azərbaycan bayrağının rənglərində ifadə olunan, dövlətçilik ideologiyasında mühüm rol oynayan “türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü formulunun keçdiyi birəsrlik yola nəzər salınıb.
Sonra konfrans işini “Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri”, “Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri” bölmələrində davam etdirib.
Konfransın materialları toplu şəklində çap olunub.