Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

I hissə

Bakı, 21 may, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Sərəncama müvafiq olaraq respublikamızda və onun hüdudlarından kənarda Cümhuriyyətin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir, habelə bu mövzu KİV-də geniş işıqlandırılır.

AZƏRTAC bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin məqaləsinin birinci hissəsini təqdim edir.

Azərbaycanın coğrafi ərazisindən, ədəbi, elmi mühitindən çox-çox kənarda, bütün türk dünyasında məşhur olan bu üçlü düstur - türkləşmək, müasirləşmək, islamlaşmaq hələ konseptual şəkildə tədqiq olunmadığından problemi nəzəri, faktoloji cəhətdən yenidən araşdırmaq lazım gəlir. Formulun inkişaf tarixi onun ziqzaqlı yol keçdiyindən xəbər verir. Bütün türk dünyasında geniş yayılmasına rəğmən, Azərbaycanın dövlətçilik ideologiyasının məhək daşına çevrilən bu formul hansı yollardan və mərhələlərdən keçib, bayraqda əksini necə tapıb? Formulun bu şəkildə təsbit olunmasında kimlərin nə dərəcədə xidmətləri olub?

Formulda ikinci yerdə dayanan “müasirləşmək” fikri zaman baxımından daha öncə gələrək Avropanı təqlid-yeniləşmə-avropalaşma kimi uzun bir yol keçib. Triadanın formalaşmasının ilkin mərhələsində (“türkləşmək, islamlaşmaq, avropalaşmaq”) sonda yer alan avropalaşmaq ən sonrakı prosesdə müasirləşmək adı ilə ikinci yerdə qərarlaşıb. Bu, hər şeydən əvvəl, üçlü düsturun yeni həyat və mahiyyət qazanmasından irəli gəlib. Bəri başdan deyək ki, üçlü düsturun bu yeni mahiyyəti Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Bu isə formulun sistem dəyişikliyinə uğraması və yeni bir formulun ortaya çıxması deməkdir. Maraqlıdır ki, əvvəlcə Avropaya inteqrasiya adı ilə yola çıxan, sonra isə avropalaşmaq-yeniləşmək-müasirləşmək mərhələlərindən keçən bu təməl prinsip “həmkar”larından yaşca da böyükdür. Yəni, əslində müasirləşmək zərurəti türkləşmək, islamlaşmaqdan bir qədər əvvəl meydana gəlib.

Başqa sözlə, cəmiyyət avropalaşma-yeniləşmə-müasirləşmədən keçdikdən sonra milli özünüdərk prosesi və milli şüurun formalaşmasında ümmətçilikdən millətçiliyə keçid prosesi başlanıb. Buna görə də triadanın müasirləşmək komponenti ilə uzun bir yola çıxdığını söyləmək mümkündür. Əlbəttə, ilkin mərhələdə Qərb həyat tərzinə, elmi və ictimai fikrinə meyil getdikcə Qərbi təqlid, daha sonra isə avropalaşma prosesi ilə davam edib. Avropalaşma olmasa da, onun məzmununu ehtiva edən sözlər ideya və maarifçi hərəkat kimi XIX əsrin ortalarından vüsət almağa başlayıb. Triadanın formalaşmasında zaman və sistem baxımından Ə.Hüseynzadənin ortada olduğunu nəzərə alsaq, deyə bilərik ki, ona qədər triadanın bu prinsipi yarım əsrdən çox yol gəlib. Yəni müasirləşmə fikri onun əsas ideya müəllifləri M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, H.Zərdabi, M.Topçubaşov, Ə.Ağayev və başqalarının əsərlərində, məqalələrində bu və ya başqa şəkildə dönə-dönə işlənib. Eyni zamanda, Avropaya inteqrasiya, Avropaya meyillilik, Avropa idarəetmə və inkişaf sistemi təhlil edilib ki, Şərqin ideya sahibləri bu yolla bu dəyərlərə sahib olmağa çalışıblar. Özünün ilk mərhələsində qərbləşmə, avropalaşma terminləri işlənməsə də, ideya kimi Avropaya inteqrasiya məsələləri Şərq düşüncə sisteminin gündəmində olub. Özü də bu proses yalnız Rusiya və onun Azərbaycan kimi əyalətlərində deyil, həm də Osmanlı, Yaponiya kimi ölkələrdə də baş verib. A.Bakıxanov Qərb mədəniyyətini müsəlmanlar üçün ideal hesab etməsə də, ümumilikdə yeniləşmə tərəfdarı idi. Şübhəsiz, bu yolda ilk cığıraçan M.F.Axundzadə olub. O, Avropaya inteqrasiyanı maarifçilik hərəkatının əsas prinsipi kimi nəzəri cəhətdən hazırlamaqla kifayətlənməyib, həm də öz yaradıcılığında bu modernləşməni tətbiq edib. Qərbsayağı formalardan istifadə etməklə M.F.Axundzadə avropalaşma-vesternizasiyanın əsasını qoyub. Qərb ədəbi formalarından istifadə edərək türk dilində ilk dəfə dramlar (komediyalar), hekayə və tənqidlər yazması ilə Avropaya inteqrasiya konsepsiyasının üç prinsipindən birinin təməli qoyulub. “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasında Şərq-Qərb qarşılaşdırması və bunun modeli də avropalaşmaqdan keçirdi. “Aldanmış kəvakib” hekayəsinin leytmotivində isə Şərq-Qərb idarəedilməsinin praktik nəticələri ortaya çıxır. Yeni əlifba layihəsinin irəli sürülməsi və ömrünün sonunadək onu həyata keçirmək istəyi də cəmiyyəti müasirləşdirməyə hesablanmışdı. Qərbləşmə-avropalaşma-yeniləşmə meyili getdikcə ədəbi formalar çərçivəsini aşaraq daha geniş məkana - mədəniyyət və ictimai sferaya daxil olmağa başladı.

M.F.Axundzadə milli kulturoloji oyanışın əsasını qoymaqla problemi ədəbi, ictimai, siyasi fikir arenasına daxil edir, maarifçi və realist düşüncədən çıxış edərək avropasayağı formalardan istifadə etməklə milli mədəniyyətin təşəkkülünü Qərb mədəniyyəti ilə qovuşmaqda görürdü. Bədii düşüncədəki forma və məzmun baxımından qərbləşmə ictimai həyatın digər sahələrinə də öz təsirini göstərib. Realist dramaturgiya və milli nəsr, tənqidi məqalələr, əlifba layihəsi və s. bütün bunlar milli etnik düşüncəni yeni formalarda ifadə etmək məqsədi daşıyırdı. Buna adekvat olaraq həm cəmiyyətin, həm də ədəbi-bədii, ictimai fikrin inteqrasiya prosesləri rəvac verirdi. Klassik romantik-didaktik Şərq monoloqundan realist Qərb dialoquna keçid tarixin labüd tələblərindən biri kimi müsəlman dünyasının qarşısında duran əsas problemlərdən idi. Millətin fikri, zehni düşüncəsinin inkişafı üçün, hər şeydən əvvəl, realist dialoqun aparılması, bir-birini inkar edəcək səviyyədə müzakirələrin olması vacibliyini doğururdu.

Dramaturqun müasirləşmə-avropalaşma-yeniləşmə konsepsiyası heç də bütün həmvətənləri tərəfindən düzgün başa düşülmür, yenilikçi fikirlərinə görə ittihamlara məruz qalır, hətta dövlətin və dinin düşməni də adlandırılırdı. M.F.Axundzadə: “...mən din və dövlətin düşməni deyiləm. Mən xalqını sevən, bu yolda özünü qurban verməyə hazır olan bir insanam” desə də, yaradıcılığının müxtəlif mərhələlərində maarifçi realizm, realizm, bəzi hallarda tənqidi realizm üsulu ilə dini tənqid etməkdən də çəkinmirdi. M.F.Axundzadənin özünün milli tərəqqi konsepsiyası var idi ki, bu konsepsiyada üç təməl prinsipdən biri - qərbləşmə, avropalaşma mərkəzi yer tuturdu.

M.F.Axundzadənin türk müasiri Əli Süavi və tənzimatçıların da yaradıcılığında qərbləşmə meyilləri aparıcı xətlərdəndir. Ümumiyyətlə, XIX əsrin ortalarından başlayaraq Osmanlı imperiyasında da modernləşmə start götürüb, mədəniyyətin və ictimai fikrin bir çox sahələrində qərbləşmə meyilləri yeni düşüncənin formalaşmasında müəyyən rol oynayıb. XIX əsrin əvvəllərindən başlayaraq Osmanlı dövlət adamları torpaq itirilməsini önləmək üçün Avropa dövlətlərindəki yeniliklərə maraq göstəriblər. Hətta Avropanın müxtəlif mərkəzlərinə Osmanlı dövlət adamlarından ibarət heyətlər göndərilib, orada görüşlər keçirilib, araşdırmaların nəticələri ölkədə təhlil edilib.

XIX əsrin ikinci yarısından etibarən Osmanlıda siyasi, iqtisadi, mədəni, elmi sahələrdə qərbləşmənin, modernləşmənin rolu genişlənir. Agah Əfəndi, İbrahim Şinasi, Əli Süavi, Namiq Kamal, Ziya Paşa, Münif Paşa və başqa ziyalıların iştirakı ilə qəzetlər buraxılıb, burada dərc edilən məqalələrdə cəmiyyəti modernləşməyə aparan fikirlər, islahatlar irəli sürülüb. Bu fikirlərə həm Türkiyədə, həm də Avropa ölkələrində çıxan türk qəzetlərində tez-tez rast gəlmək olurdu. XIX əsrin 30-cu illərindən başlayaraq türk ziyalıları dünyanın dəyişdiyini hiss edərək vəziyyətdən çıxış yolunu Avropa həyat tərzində görür və cəmiyyəti bu istiqamətdə hazırlamağa çalışırdılar. Hətta Gənc türklərin meydana çıxmasından xeyli əvvəl Xəlil Paşanın “Rusiyadan dönürdüm. Bu dönüşümdə belə bir qəti qənaətə gəldim ki, əgər Avropanı təqlidə israr etməsək, bizim üçün Asiyaya dönməkdən başqa çarəmiz qalmayacaq”, - fikri bunu deməyə əsas verir ki, avropalaşmağı ilk dönəmdə təqliddə görənlər də var idi. Bir qədər sonra isə M.F.Axundzadə təqlidin qəti əleyhinə çıxaraq yazırdı: “Biz artıq təqliddən təngə gəlmişik. Təqlid bizim evimizi yıxmışdır. İndi-indi bu qərara gəlmişik ki, təqlid boyunduruğunu boynumuzdan ataraq qaranlıqdan işıqlığa çıxaq, azad və sərbəst fikirli yaşayaq”.

Əli Süavi Parisdə nəşr etdiyi “Ulüm” qəzetində əlifba islahatını önə çəkirdi. Deməli, həmin illərdə əlifba islahatı barədə düşünən təkcə M.F.Axundzadə olmayıb. Türkiyə ziyalılarının da bu istiqamətdə müəyyən layihələri var idi. M.F.Axundzadənin “Süavi əfəndinin məqaləsi”, “Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti” məqalələrindən də görünür ki, bu dövrdə M.F.Axundzadə qərbləşmə konsepsiyasında tək deyildi. M.F.Axundzadə məqalədə əlifbamızın islahatı yolunda indiyə qədər düşünmüş ziyalıların fikirlərini ümumiləşdirərək öz qənaətlərini də bildirir. Həm Azərbaycanda, həm Osmanlıda əlifba islahatı məsələləri modernləşmənin ilk vasitəsi olur. K.İnan yazır ki, Əli Süavi əlifba mövzusunda irəli sürdüyü fikirlərini “Müxbir” və “Ulüm” qəzetlərində dərc etdirib. O, ərəb əlifbasından yeni əlifbaya keçilməsini müdafiə etməsə də, mövcud əlifbanın problemlərinin həlli üçün islahatların gərəkli olduğunu söyləyib və hər kəsin bu mövzuda hərəkətə keçməsini istəyib. Zaman keçdikcə avropalaşmanın digər təməl prinsipləri də müzakirə mövzusu olur. Əlifbanın da təhsil və məktəbi özündə ehtiva etdiyini nəzərə almış olsaq, onda müasirləşmənin yola buradan çıxmasını doğru hesab etmək olar. Ə.Süavinin gah İstanbulda, gah da Avropada yaşaması və orada bir neçə qəzet (“Müxbir” London, “Ulüm” Paris) nəşr etməsi onun müasirləşmə konsepsiyasının tərəfdarı olduğuna və əməli işində bunu göstərdiyinə bir sübutdur.

Tənzimatçıların fəaliyyətində avropalaşma mühüm yer tuturdu. Onların fikrincə, vətəni gözləyən təhlükələr qarşısında yalnız bir qurtuluş yolu var ki, o da elmdə, sənayedə, hərbi və hüquq təşkilatlarında avropalılar qədər irəliləməkdir. Onlar bunun üçün tam Avropa mədəniyyətinin içinə girməyə çalışırdılar. Ziya Göyalp “Türkçülüyün əsasları” əsərində yazırdı: “Ancaq onlar aldıqları şeyləri yarımçıq alır, tam almırdılar. Buna görədir ki, nə bir gerçək universitet açdılar, nə də ahəngdar bir ədliyyə təşkilatı yaratdılar. Tənzimatçılar milli istehsalı modernləşdirmədən öncə istehlak biçimlərini-tərzlərini, yeni geyim, qidalanma, bina və mebel sistemlərini dəyişdirdiklərinə görə tamamilə məhv oldu”.

M.F.Axundzadə və Ə.Süavidən sonra C.Əfqani, H.Zərdabi, İ.Qaspıralı yaradıcılığında da avropalaşma konsepsiyası yeni mərhələsini yaşayır. Bu proses təkcə Azərbaycan mühitində deyil, türk xalqlarında da bu və ya digər dərəcədə gec ya tez baş verir. Bu yolda C.Əfqani öndə gəlir. Ş.Qurbanov “C.Əfqani və türk dünyası” əsərində yazıb: “İslam birliyinin” banisi C.Əfqani həm də yeniləşmənin, qərbləşmənin tərəfdarlarından olur. Onun müasirləşmə konsepsiyasının əsasında elm öyrənməklə yanaşı, islam birliyini təmin etmək və ictimai-siyasi idarəetməni dəyişmək istəyi dayanırdı. “Dünyanın sultanı elmdir” deyən böyük mütəfəkkir inkişaf etmiş xalqların həyatında qazanılmış uğurları elmə bağlayırdı: “Bütün dünyanı öz təsiri altında saxlayan Avropanı, Hindistanı zəbt etmiş ingilisi, Tunisi işğal etmiş Fransanı götürün. Bunlar nə ingilisin hünəridir, nə də fransızların. Bunlar ancaq onların elminin hünəridir”.

C.Əfqani elmi iki yerə (müsəlman və Avropa) bölməyin qəti əleyhinə çıxır. Onun fikrincə, elmin yiyəsi alimdir, meyarı da onun elmiliyi ilə ölçülür. Hər millət elmi səviyyəsi ilə məşhurlaşır. İnsanları elmi ilə qiymətləndirmək, elmi ilə tanımaq lazımdır, elmi insanlarla yox. O, müsəlman aləmindəki cəhalətin səbəbini də bunda görür və onun qarşısını almaq üçün fikirlər söyləyirdi. Yaradıcılığında və siyasi fəaliyyətində Şərq-Qərb diskursu önəmli yer tuturdu. Milli tərəqqi üçün kökə, özünəqayıdışı əsas tutur və bütün sahələrdə yeniləşməni-modernləşməni irəli sürürdü. O, Qərbi də, Şərqi də yaxşı tanıyırdı, üstün və zəif cəhətlərini bilirdi, çıxışlarında daim bu iki mədəniyyətin dialoqunu aparırdı. O, Şərqin Qərb elmini mənimsəməkdə elə bir əskiklik görmürdü, hətta belə fikirləşirdi ki, bir zamanlar elmi Şərqdən əxz edən Avropaya müraciət etməklə “öz malımızı geri istəmiş oluruq”.

C.Əfqani təkcə mədəni, elmi inkişafda deyil, siyasi təfəkkürdə də Qərb dəyərlərindən yararlanırdı. Lakin bu dəyərləri təqlid etməyin əleyhinə idi. Rus tədqiqatçılarından V.B.Lutski onun siyasi görüşləri haqqında yazır: “Avropadan öyrənməyin zəruriliyini ilk dəfə geniş miqyasda meydana çıxaran və onu şərh etməyə çalışan Cəmaləddin Əfqani olub. O, Avropaya meyili islami dəyərlər əsasında yüksəlməkdə görür və bunu mümkün hesab edirdi. Onun siyasi modelinə görə, Avropaya meyil həm Şərq ölkələrini Avropanın istismarından xilas edəcək, həm də Avropanın yeniliyini çəkib Şərqə gətirəcək, yerli xalqda milli şüuru, milli mənliyi yüksəldəcək”.

İslamın reforması, siyasi təfəkkürün yeniləşməsi baxımından bütün Şərqdə tanınan C.Əfqani XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Türkiyə və Azərbaycan ictimai-siyasi həyatına və onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük təsir göstərib. Üç təməl prinsipdən ikisi (müasirləşmə və islamlaşma) onun fəaliyyətinin və yaradıcılığının ana xəttini təşkil edir. M.Ə.Yurdaqul, C.Məmmədquluzadə, Ə.Cavad, C.Cabbarlının bədii, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ö.F.Nemanzadənin publisistik, M.Ə.Rəsulzadənin siyasi, publisistik və bədii yaradıcılığına onun çox böyük təsiri olub.

H.Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı sayəsində cəmiyyətin həyatında yeniləşmə növbəti mərhələyə qədəm qoyur. Təhsilin milliləşdirilməsi istiqamətində atılan addımlar da bu mərhələnin qərbləşməyə doğru addımı kimi səciyyələndirilməlidir. 1875-ci ildən 1905-ci ilə qədərki dövrü “Həsən bəy Zərdabi dövrü” adlandıran ədəbiyyatşünas A.Kəngərlinin yazdığı kimi: “Azərbaycan mədəniyyətini əhatə edən qərbləşmə meyili, “Əkinçi” qəzeti ənənələri Rusiya əsarətində yaşayan digər müsəlman türk xalqlarının mədəni inkişafına təsir göstərir. Azərbaycan Rusiya müsəlmanlarının əsas mədəniyyət mərkəzlərindən birinə çevrilir”.

Tezliklə Azərbaycan yazarlarının əsərlərində elm, təhsil, maarifçilik müasirləşmədə əsas vasitələrə çevrilir. Əvvəlcə “Əkinçi”, sonra isə “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül” kimi mətbuat orqanlarında elm və maarif ön plana keçir. Onlar təhsili, elmi, maarifi milli oyanışın əsas səbəbi hesab edirdilər. H.Zərdabi, K.Ünsizadə, C.Ünsizadə, N.Vəzirov, N.Nərimanov, A.Q.Çernyayevski, Ə.Ağayev və başqalarının məqalələrində yeniləşmə əsas məsələlərdən biri olur. N.Vəzirovun əsas qəhrəmanlarından biri olan Fərhad Avropada təhsil alaraq vətəninə dönmüş və müasirləşməni burada həyata keçirmək istəmişdi. XX yüzilin əvvəllərində isə avropalaşma-yeniləşmə mesajlarının ziyalıların əsərlərində səslənməsi adi hal alır.

Türkiyədəki gənc osmanlıların təsiri altında formalaşan İ.Qaspıralı yaradıcılığında və əməli fəaliyyətində də qərbləşmə önəmli faktorlardan biri olub. “Əkinçi”dən sonra onun “Tərcüman” qəzeti bütün türklərin tərcümanına çevrilə bilmişdi. “Dildə, fikirdə, işdə birlik” ideyasının müəllifi İ.Qaspıralının maarifçilik fəaliyyətində müasirləşmək və türklərin birliyi ideyası xüsusi yer tuturdu. “Firəngistan məktubları” əsərində Qərb həyatının, inkişafının müsbət cəhətlərini önə çəkən İ.Qaspıralı əməli fəaliyyətində də bu yeniləşmənin tətbiqinə çalışıb. M.F.Axundzadədə olduğu kimi, İ.Qaspıralının bu əsərində də Şərq-Qərb diskursu müasirləşmə bucağından davam etdirilib. O, milli özəlliyi qoruyaraq Avropaya inteqrasiyanı vacib hesab etməklə yanaşı, Avropanın qüsurlarını da görürdü. İ.Qaspıralı avropalaşmağa, inteqrasiyaya birtərəfli baxmır, qarşılıqlı şəkildə yararlanmağı üstün tutur. “Firəngistan məktubları”nın bir çox səhifələrində bunu aydın görmək olar.

XX əsrin əvvəllərində qərbləşmə, avropalaşma və yeniləşmə həm ayrı-ayrılıqda, həm də sinonim kimi işlənilməklə qalmır, eyni zamanda, müasirləşmənin özü baş verir. Yəni müasirləşmə haqqında nəzəri diskurs arxaya, müasirləşmənin reallaşması önə keçir. Bu yenilikdən Novruzəlinin (C.Məmmədquluzadə, “Poçt qutusu”) çaşması tənqidi realizmin gücü ilə ifadə olunur. Bununla belə, əsrin əvvəllərindən nəşrə başlayan “Şərqi Rus”, “Həyat”, “Füyuzat”, “İrşad” və s. mətbuat orqanlarında avropalaşma, qərbləşmə-yeniləşmə ilə bağlı çoxlu məqalələr yazılır, fikirlər irəli sürülür. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Yusifbəyli, M.Şahtaxtlı, Ə.Topçubaşov, bir qədər sonra isə Z.Göyalp və M.Ə.Rəsulzadə və başqalarının məqalələrində avropalaşmağa münasibət bildirilirdi. Ə.Hüseynzadə “Həyat” qəzetinin ilk nömrəsində “Qəzetəmizin məsləki” baş məqaləsində müsəlman dünyasının inkişafı məsələsini önə çəkir və “rus dövlətinin şəraiti - iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi etmək istərlər” fikrini irəli sürür: “Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, rus rəiyyəti bulunan türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyilsin. Yoxsa türklər, müsəlmanlar irtidad ediyorlar, firəngləşiyorlar deyilməsin”.

Müasirləşmək xətti Ə.Hüseynzadə yaradıcılığında avropalaşmaq kimi ifadə olunub. O, məqalələrinə “...firəng fikirli, Avropa qiyafətli fədai! İngilis, Amerikan kimi tizrəftar, yeni yaponlar kimi kütahdamən fədai” yazır və inkişaf məsələlərində avropalaşmağı üstün tuturdu. “Füyuzat”ın səhifələrində Avropa ədəbiyyatından tərcümələrə geniş yer verirdi. F.Bodenştedtin “Ömər Xəyyam” və Hötenin “Faust” əsərlərinin bir hissəsini tərcümə edib “Ə.H.”, “Səlyani” təxəllüsləri ilə dərc etdirmişdi. O, məqalələrində dünya mədəniyyətinin görkəmli klassiklərinin əsərlərini təbliğ etməklə yanaşı, onların öyrənilməsinin zəruriliyini də vurğulayırdı. Şillerin “Qaçaqlar", Bayronun “Çayld-Harold” və s. əsərlərinin tərcümələri onun dünya bədii düşüncəsinə böyük önəm verməsindən irəli gəlirdi. A.Çexovun “Qılaflı adam” əsərindən iqtibas edərək “Əbdi-Qlaf” əsərini yazmışdı: “Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayesinə kəsbi-vüquf etməgə və millətimiz beynində nəşrə çalışmalıyız. Biz belə yapmağa qeyrət edəcəyiz. Məsləkimiz bunu iqtiza etdirir”.

Azərbaycan mühitində avropalaşma bir müddət davam edir, lakin dünya müharibəsinin başlanması ilə əlaqədar bu meyil nəinki zəifləyir, hətta romantik poeziyada “vəhşi Qərb” obrazı yaradılır. 1915-ci ildə isə qərbləşmə ifadəsini müasirləşmə əvəz edir. Hələlik müasirləşmə ifadəsinə ilk olaraq M.Ə.Rəsulzadənin “Tutacağımız yol” baş məqaləsində rast gəlirik. O, böyük uzaqgörənliklə dünyanın xəritəsinin dəyişəcəyi anonsunu verərək ayrı-ayrı millətlərin bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, müəyyən fikir və amallar ətrafında birləşərək böyük bir məfkurəyə sahib olmağın zəruriliyini vurğulayır. Bunun üçün böyük mütəfəkkir üç əsasın ünvanını göstərir. İlk dəfə olaraq M.Ə.Rəsulzadə müasirləşmək sözünü üç təməl prinsipdən biri kimi üçüncü yerdə işlədir. Bir il sonra isə “Açıq söz”ün birilliyi münasibətilə yazdığı “Getdiyimiz yol” məqaləsində üç təməl prinsip içərisində yenidən müasirləşmək haqqında yazırdı: “Müasirləşmək-iştə bütün millətləri səlah və nicat yoluna çıxaran böyük vasitə. Müasirləşməyən; yəni zaman və əsərindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir cəmiyyət-gərək qan, irq və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanınmış beynəlmiləliyyət olsun-mümkün deyil”.

M.Ə.Rəsulzadədən üç il sonra nəşr edilən Z.Göyalpın “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kitabında türkçülük, islamçılıq və müasirliyi uzlaşdırmağa çalışır. Ancaq onu da qeyd etmək lazımdır ki, bu kitabda toplanan məqalələr vaxtilə “Türk yurdu” dərgisinin müxtəlif saylarında dərc edilib. “Türkçülüyün əsasları” kitabının “Qərbə doğru” bölümündə Avropaya inteqrasiyanı zəruri hesab edən Z.Göyalp üçün müasirləşmək sadəcə formaca və yaşayış tərzi etibarilə avropalılara bənzəmək demək deyildir, “avropalılar kimi zirehli gəmilər, avtomobillər, təyyarələr hazırlayıb istifadə etmək”dir. O, bu əsərində islamçı türkün etiqadlarını aşağıdakı şəkildə ifadə edir: “Türk millətindənəm! İslam ümmətindənəm! Avropa mədəniyyətindənəm!”.

Beləliklə, üç təməl prinsipdən biri - avropalaşmaq bir neçə mərhələdən keçdikdən sonra “müasirləşmək” şəklinə düşüb. Müasirləşmək avropalaşmağın sinonimliyindən çıxaraq yeni leksik, semantik və siyasi məzmun daşıyır. Fikrimizcə, türkçülük milliyyəti və ictimai məfkurəni, islamçılıq dini inancı, müasirləşmək daim yeniləşən, dövlət quruluşunu irəliyə aparan demokratik prinsipləri ifadə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində