“Cyber Summer School 2026”da təlim proqramı uğurla başa çatıb
Mingəçevir, 10 iyul, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunan V “Cyber Summer School 2026” kiber yay düşərgəsində təlim proqramının sonuncu günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir şəhərində keçirilən düşərgənin son günündə iştirakçılar proqram üzrə formalaşdırılmış “Blue Team” (Azərbaycan dilində tədris) və “Red Team” (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin mühüm istiqamətlərini əhatə edən nəzəri və praktiki məşğələlərdə iştirak ediblər. Sonuncu günün proqramı çərçivəsində hər iki qrup üçün "Rəqəmsal kriminalistika", "Təhlükəsizlik əməliyyatları və təhdid ovçuluğu", "Kiberinsidentlərə cavab tədbirləri" və "Zərərli proqram təminatının təhlili və tərs mühəndislik" mövzuları üzrə təlimlər keçirilib. Təlimlər AKTA-nın platin üzvü olan “Azercell Telekom” MMC-nin kibertəhlükəsizlik mühəndisi Səfərli Səfərəli, AKTA eksperti Ayxan Hüseynli və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşı tərəfindən aparılıb. Sessiyalar zamanı iştirakçılar rəqəmsal sübutların toplanması və təhlili üsulları, təhlükəsizlik əməliyyat mərkəzlərinin fəaliyyəti, təhdidlərin aşkarlanması və araşdırılması metodları, kibertəhlükəsizlik insidentlərinə operativ cavab tədbirləri, eləcə də zərərli proqram təminatının analiz edilməsi və tərs mühəndislik yanaşmaları ilə bağlı nəzəri biliklər əldə edib, praktiki tapşırıqları yerinə yetirərək mövzular üzrə bacarıqlarını təkmilləşdiriblər.
Günün sonunda iştirakçıların təlim müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə interaktiv viktorina təşkil olunub.
Qeyd edək ki, 6–11 iyul tarixlərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir. Düşərgə ərzində iştirakçılar kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə intensiv təlimlərdə iştirak edib, komanda tapşırıqları və kiberyarışlar vasitəsilə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı qazanıblar.
Müxbir – Vüsalə Cənnətova