Dadlı çörək növü - fətir VİDEO
Qazax, 23 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Xalqımızın qədim, zəngin mətbəxi bu gün də kəşf edilir, dünyaya tanıdılır. Yüz illərdən bəri yaşatdığımız, günümüzdə də mətbəximizin ən sevimli təamlarından birinə çevrilən, Qərb bölgəsində, əsasən də Qazaxda fətir kimi adlandırılan bu çörək növü bəzi bölgələrdə isə lavaş, yuxa kimi tanınır. Fətir sac üstə hazırlanan, xalqımızın qədimdə günlərlə işlətdiyi, hətta səfərə çıxanların ən sevimli qidası olan çörək növüdür.
AZƏRTAC xəbər verir ki, Qazaxda sac üstə bişirilən fətir əsasən yaz aylarından başlayaraq evlərdə tez-tez hazırlanan çörək növüdür. Havalar isindikdə odun qırılıb sac asılır. Bəzi yerlərdə sacın içərisi nəmli küllə suvanır. Bu da fətirin yaxşı, bütöv hissəsinin yanmadan bişməsi üçündür. Qışda soyuq olduğundan fətiri kütləvi bişirməsələr də elə ailələr var ki, onun bişirilməsini ilboyu təşkil edir. Fətirin hazırlanması təbii üsulla gerçəkləşir. Tərkibi olduqca sadədir: un, su və duz.
“Fətiri hər cürə bişirmək olur. Xəmirini qalın və ya nazik də etmək olar. Kənarları qalın olmamalıdır, bərabər yayılmalıdır. Tərkibi təbiidir. Maya qatılmadığı üçün orqanizm üçün ziyanı yoxdur”, - deyə rayon sakini Günel Salehova bildirib.
Yay aylarında xanımlar, analar, nənələr yerdən oturub oxlov-duvaq gətirib, sac kənarında xəmir yayıb, fətir bişirirlər. Say isə istəyə uyğundur. Ailə üzvlərinin sayına uyğun olaraq gündəlik 50-80 ədəd fətir bişirilir. Quru halda xarab olmayan fətiri islaq hala gətirdikdən sonra istifadə etmək olar. “Mədə-bağırsağa xeyirlidir. Zövqə uyğun olaraq qara və ya ağ undan hazırlanır. Biz dədə-baba üsulu ilə, yəni, sac altında odun yandırmaqla fətiri bişiririk. Onda fətir həm dadlı həm də xoş qoxulu olur”, - deyə rayon sakini Nadir Xəlilov əlavə edib.
Təbii dədə-baba çörəyi - fətiri uşaqlardan tutmuş yaşlı insanlara qədər hamı sevir. Fətirin bölgələr üzrə ölçüləri də müxtəlifdir. Sacın böyüklüyündən asılı olaraq hər ölçüdə bişirilir.