ELM VƏ TƏHSİL
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏN BƏHS EDƏN DAHA BİR KİTAB İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında “Xalq” qəzetinin bölgə müxbiri, yazıçı jurnalist Ziyəddin Sultanovun “Qarabağ müharibəsi” kitabının təqdimatı olmuşdur.
Filialın direktoru, tarix elmləri doktoru, professor X.Məmmədov, tarix elmləri namizədi M.Hüseynov “Qarabağ tarixin qan yaddaşı” mövzusunda, tədris işləri üzrə direktor müavini, dossent V.Allahverdiyev “Ziyəddin Sultanov yaradıcılığının bədii xüsusiyyətləri” mövzusunda məruzə etmişlər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ə.Tapdıqov, institutun müəllimi tarix elmləri namizədi Ə.Nəcəfov və başqaları çıxış etmişlər.
Tədbirin sonunda kitabın müəllifi Ziyəddin Sultanov çıxış etmiş, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri, acı nəticələri, dünya ictimaiyyətinin problemə münasibəti, erməni yalanları və Azərbaycanın dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı tələbələrə ətraflı məlumat vermiş, onların suallarını cavablandırmışdır.