SİYASƏT
DAĞLIQ QARABAĞ PROBLEMİ TÜRKİYƏ-ERMƏNİSTAN DANIŞIQLARININ TƏRKİB HİSSƏSİ OLMALIDIR
Ankara, 14 sentyabr (AZƏRTAC). Parisdəki Beynəlxalq Strateji Əlaqələr İnstitutu direktorunun müavini Didier Billon Türkiyənin Cihan xəbər agentliyinə müsahibəsində bildirmişdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Dağlıq Qarabağ münaqişəsi də yaddan çıxmamalı, hər iki problem birgə həll olunmalıdır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ problemi həll olunmadan sərhədləri açmarıq” sözlərini xatırladan politoloq demişdir ki, türk diplomatiyasının dinamik fəaliyyəti və ATƏT-in Minsk qrupunun səyləri ilə Azərbaycan ilə Ermənistan arasında münaqişənin nizama salınmasına ümid edir.
Didier Billon vurğulamışdır ki, ATƏT-in Minsk qrupuna Türkiyənin də daxil edilməsi lazımdır. Heç bir vəchlə Dağlıq Qarabağ problemi yaddan çıxmamalıdır, çünki bu məsələ həll edilmədən hər hansı digər məsələni həll etmək mümkün deyildir. Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması problemləri birlikdə həllini tapmalıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara