SİYASƏT
Dağlıq Qarabağda yaradılmış separatçı qurum Ermənistanın himayəsi ilə həmin əraziləri nəzarətsiz zonaya çevirmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Bu gün zəbt olunmuş ərazilərimizin işğalda qalması Qarabağın təbiətinin, yaşayış məntəqələrinin, abidələrinin dağıdılması, sərvətlərinin talan olunması ilə yanaşı, həm də bütün bəşəriyyət üçün təhlükəli zonaya çevrilməsinə zəmin yaratmışdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov demişdir.
Bildirmişdir ki, son günlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan dəstə ifşa edilmişdir. Təkzibolunmaz faktlarla sübuta yetirilmişdir ki, həmin narkotik vasitələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yetişdirilmiş və hazırlanmış sonra İrana, oradan isə Azərbaycana gətirilmişdir. Bu hadisə birinci deyil, artıq dəfələrlə sübut olunmuşdur ki, narkotik maddələrin yetişdirilməsində, MDB ölkələri və Avropaya daşınmasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri xüsusi mövqeyə malikdir.
İctimai Birliyin sədri qeyd etmişdir ki, bu gün beynəlxalq narkomafiya şəbəkəsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin ərazisindən səmərəli istifadə edir. Burada narkotik laboratoriyaların da fəaliyyəti haqında məlumatlar vardır. İşğal altında olan ərazilərdən ermənilər narkotik vasitələrin həm tranziti, həm də istehsalı kimi istifadə edirlər. Avropa İttifaqı və dövlətləri isə bu münaqişənin həll olunmasında qətiyyətli mövqe ortaya qoymamaqla bütün bunlara göz yummuş olurlar. Bu hal BMT-nin hesablamalarından da kənarda qalır.
A.Xəlilov vurğulamışdır ki, bu gün işğalçı Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağda narkotiklərin becərilməsi və tranziti ilə yanaşı, həm də terrorçular hazırlanır. Azərbaycan tərəfi bu problemi dəfələrlə qaldırmışdır. Təəssüflər olsun ki, beynəlxalq qurumlar bu məsələnin həllində mövqe sərgiləmirlər. Bu gün heç bir dövlət tərəfindən tanınmayan işğal olunmuş ərazilərimizdə yaradılan separatçı qurum həmin əraziləri Ermənistanın himayəsi ilə nəzarətsiz zonaya çevirmişdir.