İQTİSADİYYAT
Daha 10 rayonun 15 kənd və qəsəbəsi mavi yanacaqla təmin edilmişdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi daha 10 rayonun 15 kənd və qəsəbəsinin qazlaşdırılmasını həyata keçirmişdir.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şamaxı rayonunun Qızmeydan, Əhmədli və Hacılı, Masallı rayonunun Göyəçöl, Ağsu rayonunun Qaravəlli və Bəyimli, Balakən rayonunun Püştətala, Beyləqan rayonunun Tatalılar, İmişli rayonunun Yalavac, Füzuli rayonunun Alxanlı, Ağdam rayonunun Xındırıstan-Dadaşlı kəndlərinin, eləcə də rayonun I Baharlı və II Baharlı, Göygöl rayonunda məcburi köçkünlər üçün salınmış Murovdağ qəsəbələrinin qazlaşdırılması münasibətilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin, rayon icra hakimiyyətlərinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər.
Qazlaşdırma zamanı müxtəlif diametrli borularla xətlər çəkilmiş, siyirtmələr qoyulmuş, mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Tədbirlərdə çıxış edənlər kənd və qəsəbələrin təbii qazla təchiz olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.