İQTİSADİYYAT
Daha bir alman portalı yeni Bakı-Berlin hava xətti haqqında məqalə dərc edib
Berlin, 14 may, AZƏRTAC
“Eurasianews“ internet portalında „Bakı və Berlin arasında birbaşa uçuşlar: Azərbaycan daha çox alman turisti və iş adamını cəlb etmək istəyir“ başlıqlı məqalə dərc olunub (http://eurasianews.de/direktfluege-zwischen-baku-und-berlin-aserbaidschan-will-mehr-deutsche-touristen-und-geschaeftsleute-anlocken/). Məqalədə “Azərbaycan Hava Yolları” tərəfindən “Bakı-Berlin-Bakı” birbaşa aviareysinin açılması barədə məlumat verilir.
Məlumatda bildirilir ki, keçən il Almaniyadan Azərbaycana səfər edənlərin sayı 14 000-dən çox olmuşdur. Azərbaycan hökumətinin məqsədi Avropa təsiri bağışlayan bu Qafqaz ölkəsini qitənin mərkəzi ilə birləşdirməkdən ibarətdir. Birbaşa hava xəttinin açılması Bakıya və Berlinə səfər etmək istəyən insanların rahatlığını təmin edir. Turizm mütəxəssislərinin fikrincə yeni açılmış hava xətti vasitəsilə Azərbaycana səfər edəcək turistlərin sayı artacaq. Eyni zamanda alman iş adamlarının Azərbaycan bazarını araşdırmaq üçün bir neçə saat ərzində ölkəyə gəlməsinə münbit şərait yaranmış olacaq. Azərbaycana bu il səfər etmək üçün əsas səbəblərdən biri kimi Bakıda keçiriləcək birinci Avropa Oyunları göstərilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin