SİYASƏT
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır
Ağdaş, 8 aprel (AZƏRTAC). “Azərbaycan” qəzetinin və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimizin inkişafı yolundakı misilsiz xidmətlərindən danışmışlar.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu qeyd edən natiqlər bildirmişlər ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Natiqlər, eyni zamanda, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Ağdaş rayonunda qazanılmış nailiyyətlərdən də söhbət açmışlar.
“Heydər Əliyevin müəllifi olduğu milli inkişaf prosesində Ağdaş rayonu mühüm yer tutur” mövzusunda məruzədə qeyd edilmişdir ki, ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə dönüş, elmin, təhsilin və mədəniyyətin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilmişdir. Nəticədə iqtisadiyyat güclənmiş, ölkəmizin hər yerində olduğu kimi, Ağdaşda da geniş tikinti-abadlıq işləri görülmüş, yeni iqtisadi və sosial-mədəni infrastruktur obyektləri tikilib istifadəyə verilmiş, əhalinin həyat səviyyəsinin yüksəlməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.