Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Dairə Seçki Komissiyalarının sədr və digər üzvləri, məntəqə Seçki Komissiyalarının sədrləri üçün 10 günlük seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların təşkilinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 Qərar № 7/62

26.07.2013

 

 

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bir sıra konkret tədbirlər həyata keçirərək, dairə seçki komissiyalarının sədr və digər üzvləri, habelə məntəqə seçki komissiyalarının sədrlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar təşkil etmişdir.

“Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar qarşıdan gələn Azərbaycan Respublikası Prezidentinın seçkiləri öncəsi aşağı seçki komissiyalarının sədr və üzvləri üçün yeni 10 günlük kursların təşkil edilməsinə dair hazırlıq işləri başa çatmışdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında (inzibati bina) bir həftəlik, dairə seçki komissiyalarınin digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 3 günlük regional kursların keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Maarifləndirmə materiallarının həcminə və kursların keçirilmə müddətinə uyğun olaraq dairə seçki komissiyasının sədrləri üçün 32 saatlıq, digər komissiya üzvləri üçün isə 9 saatlıq tədris proqramı və tədris cədvəlləri hazırlanmışdır. Tədrisdən əlavə bəzi dairə seçki komissiyaları ilə təcrübə mübadiləsinin təşkili, müxtəlif görüşlər və mədəni tədbirlərin keçirilməsi ilə yanaşı, yekunda kursların iştirakçısı olmuş dairə seçki komissiyalarının sədrlərinə bu barədə sertifikat verilməsi də nəzərdə tutulmuşdur.

Qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Tərtib edilmiş tədbirlər planına və tədris proqramlarına uyğun olaraq dairə seçki komissiyalarının sədrləri üçün 2013-cü il iyulun 29-dan avqustun 4-dək Bakı şəhərində (MSK-nın inzibati binasında), dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 2013-cü il avqustun 5-dən 7-dək regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

2. Həmin kursların iştirakçısı olmuş dairə seçki komissiyalarının sədrləri keçirilən kursların yekununda müvafiq sertifikatla təmin edilsinlər (əlavə edilir).

3. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsünlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin