Danimarka yod həbləri tədarük edəcək
Stokholm, 12 aprel, AZƏRTAC
Danimarka Avropada nüvə fəlakətləri ilə bağlı vəziyyətlər yaranacağı hallar üçün yod tabletləri tədarük edəcək.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Ukraynada müharibə ilə bağlı narahatlıq keçirən Danimarka Səhiyyə Agentliyi tərkibində yod olan 2 milyon həb tədarük edəcək. Bu əməliyyat Skandinaviya ölkəsinin yaxınlığında nüvə qəzası baş verəcəyi halda insanların müdafiəsi üçün həyata keçiriləcək.
Mütəxəssislər hesab edirlər ki, yod insan orqanizmini qalxanabənzər vəzin xərçəngi kimi xəstəliklərdən qoruyur. Bununla əlaqədar, radioaktiv şüalanmaya məruz qalmış insanların qorunması üçün belə həblər tətbiq ediləcək. Ukraynada müharibə başlayandan bəri nüvə insidentləri barədə təhlükələr artıb.
Danimarka Səhiyyə Agentliyinin məlumatında deyilir: “Son iki ildə COVID-19 ilə bağlı hadisələrin gedişi göstərdi ki, belə hallara hazır olmaq lazımdır. Ukraynada müharibə göstərdi ki, dünyamızı proqnozlaşdırmaq mümkün deyil”.
Səhiyyə Agentliyinin məlumatına görə, Danimarka Ukraynadakı ən yaxın atom elektrik stansiyalarından 900 kilometrdən artıq məsafədə yerləşir. Yod ehtiyatından Danimarkaya yaxın ölkələrdəki atom elektrik stansiyalarında və ya Danimarka sularında üzən atom gəmilərində qəza baş verəcəyi halda istifadə ediləcək. Krallığın özündə atom stansiyaları yoxdur. Agentliyin hesablamalarına görə, 2 milyon həbin tədarük edilməsi uşaqların və 18 yaşadək gənclərin, hamilə və uşaq əmizdirən qadınların, habelə yaşı 40-dan aşağı olan təcili yardım işçilərinin daxil olduğu risk qruplarının ehtiyaclarını təmin etmək üçün kifayətdir. Yaşı 40-dan yuxarı olan insanlar tərəfindən yod həbləri qəbul edilməsinin qoruyucu effekti sübut edilməyib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm