DÜNYA
Danimarkada “İslam dövləti” terror təşkilatını dronlarla təchiz edən şəxslər saxlanılıb
Stokholm, 27 sentyabr, AZƏRTAC
Kopenhagen polisi “İslam dövləti” terror təşkilatını dronlarla təchiz etmək niyyəti ilə bağlı iş çərçivəsində ölkə hüdudlarından kənarda terror törətmək cəhdində ittiham olunan iki şəxsi saxlayıb.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Kopenhagen polisinin Danimarka təhlükəsizlik və kəşfiyyat xidməti ilə birgə apardığı uzunmüddətli təhqiqatla əlaqədar iki nəfər saxlanılıb.
Mətbuat üçün məlumatda deyilir: “Cinayət işi Danimarkadakı obyektlərin, o cümlədən pilotsuz uçuş aparatlarının alınması və onların sonradan döyüş əməliyyatlarında istifadə edilməsi məqsədilə “İslam dövləti”nin Suriya və İraqdakı bazalarına göndərilməsi ilə bağlıdır”.
Saxlanılmış şəxslər cümə axşamı, sentyabrın 27-də məhkəmə qarşısında cavab verəcəklər. Artıq məlumdur ki, prokurorlar hələ təhqiqatın davam etməsini əsas göstərərək məhkəmə araşdırmasının bağlı qapılar arxasında aparılmasını xahiş edəcəklər.
Yerli jurnalistlərin məlumatına görə, bu iki şəxsin Danimarkadakı radikal islamçı qruplara mənsub olması polisə məlum idi.
Jurnalistlər qeyd edirlər ki, bu işin 2017-ci ildə Kopenhagendə analoji fəaliyyətdə ittiham olunan bir kişinin həbsi ilə əlaqəsi olub-olmaması aydın deyil.
Qeyd edilir ki, “İslam dövləti” terror təşkilatı məsafədən idarə edilən pilotsuz uçuş aparatlarından uzun müddət həm kəşfiyyat üçün, həm də hücum səhnələrinin lentə yazılması, habelə kiçik bombalar atılması üçün istifadə edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm