DÜNYA
Danimarkada müsəlmanlara məxsus qəbirlər dağıdılıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Danimarkanın Odense şəhərindəki Korslökke qəbiristanlığının müsəlmanlara aid hissəsinə hücum təşkil olunub, 50 qəbir dağıdılıb.
Anadolu Agentliyinin məlumatına görə, polis açıqlamasında kimliyi məlum olmayan şəxs və ya şəxslərin Korslökke qəbiristanlığına hücum etdiyini, müsəlmanlara aid qəbir daşlarını qıraraq sağa-sola atdığını bildirib.
Polisin açıqlamasından sonra qəbiristanlıqda yaxınları dəfn olunan müsəlmanlar məzarlığa axın ediblər.
DR telekanalına müsahibə verən bosniyalı Mirna Ugljen deyib: “Atam 17 ildir burada dəfn olunub. Bu gün onu ziyarətə gələndə böyük şok keçirtdik. Onlar ölüdür, bir kimsəyə zərərləri yoxdur. Ölülərin rahat yatması lazımdır. Onları rahat buraxın”.
Ədliyyə naziri Sören Pind də öz “Twitter” səhifəsində “Bunu dayandırın. Danimarka olaraq belə bir yolla getmək istəmirik" ifadəsini yazıb.
Hazırda cinayətkarların tapılması istiqamətində araşdırmalara başlanılıb.