MƏDƏNİYYƏT
Daşkənddə fəaliyyət göstərən saytda Azərbaycan lavaşı haqqında geniş material
Daşkənd, 18 noyabr, AZƏRTAC
Daşkənddəki uchildiz.uz saytı Azərbaycan çörəyi - lavaş haqqında öz müxbiri Tulkin Eşbekin geniş materialını dərc edib.
Məqalədə deyilir ki, Azərbaycanda qədim dövrlərdən bişirilən lavaşın 6 min ildən çox yaşı var. Lavaş əsasən oval formada təndirə yapılır və uzunluğu 35 sm-dən 100 sm-dək olur. Qeyd olunur ki, sacda bişirilən lavaş isə dəyirmi formadadır.
Materialda deyilir ki, Azərbaycanda təndirin “Çala”, “Doyma”, Şirəli”, “Qoyma”, “Kürə” və digər növləri var. Təndirin divarları istiliyi uzun müddət saxlamaq üçün qalın gillə hörülür. Azərbaycanın əksər kəndlərində indi də qədimdə olan bu ənənə qalır. Qonşular yığılaraq bir gün bu ailəyə, ikinci gün digər ailəyə iki aylıq, bəzən də üç aya bəs edən lavaş bişirir. Lavaş nazik olduğundan bişirildikdən bir müddət sonra quruyur və istifadə edildikdən 20 dəqiqə əvvəl sulanır və yumşaq hala gətirilir. Qədimdə təndirdə lavaşla bərabər 30 cür çörək bişirilirdi.
Məqalədə qeyd edilir ki, Mahmud Kaşğarinin məşhur “Divani Lüğəti-Türk”, Yusif Balasaqunlunun “Kutatqu bilik” əsərlərində, həmçinin Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin kitablarında lavaşın adı çəkilir.
Materialın sonunda deyilir ki, hazırda Azərbaycan lavaşı Qafqaz, Orta Asiya, Asiya, Avropa ölkələri və Amerikada Qafqaz lavaşı adı ilə çox populyardır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd