İQTİSADİYYAT
Daşkənddə metrologiya ilə bağlı müzakirələr aparılıb
Daşkənd, 2 oktyabr, AZƏRTAC
Daşkənddə Dövlət Metrologiya İdarələrinin Avro-Asiya Əməkdaşlığı (AAƏ) “Qanunvericilik Metrologiyası” ikinci Texniki Komitəsinin 17-ci yığıncağı və “AAƏ-nin üzvü olan ölkələrdə qanunvericilik metrologiyasının vəziyyəti” adlı seminar keçirilib.
Tədbirlərdə Azərbaycan, Almaniya, Belarus, Kuba, Rusiya, Gürcüstan, Qazaxıstan, Moldova, Slovakiya, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti rəisinin müavini Azər Qurbanov və metroloji nəzarət üzrə baş məsləhətçi Əliyar Piriyev təmsil edib.
Tədbirlərdə qanunvericilik metrologiyası sisteminin ümumi müddəaları, ölkələrin beynəlxalq təcrübəyə əsaslanan metroloji infrastrukturu - qanunvericilik metrologiyasının mühüm tərkib hissəsi kimi, müqayisəli analiz və milli metroloji qanunvericiliyin vəziyyəti, ölçü funksiyaları olan tibbi avadanlıq üçün qanunvericiliyin tələbləri, tibb məhsulları haqqında direktivlər və digər mövzularda müzakirələr aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd