MƏDƏNİYYƏT
Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirilmiş, tədbirdəki Azərbaycan guşəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmişdir
Daşkənd 10 may (AZƏRTAC). Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirmişdir.
Festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) üçün ayrılmış guşə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişdir.
Festivalda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev digər ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif etmişlər.
Azərbaycan səfirliyi üçün ayrılmış guşədə ölkəmizin gerbi, bayrağı asılmış, xalqımızın milli musiqi alətləri və həmçinin milli məişət əşyaları nümayiş etdirilmişdir.
Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar kitab və albomlar nümayiş etdirilmişdir.
Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz təklif olunmuşdur.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatmışdır. AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişdir.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırmış, Azərbaycan səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına AMM birinci mükafata layiq görülmüş və Fəxri Fərmanla təltif olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND