MƏDƏNİYYƏT
Daşkənddəki Beynəlxalq Vesminister Universitetində mədəniyyət həftəsi keçirilmişdir
Daşkənd, 3 aprel (AZƏRTAC). Daşkənddəki Beynəlxalq Vesminister Universitetində mədəniyyət həftəsi keçirilmişdir.
Tədbirlərdə Azərbaycan, Böyük Britaniya, Misir, Ukrayna, Pakistan, Hindistan və İranın Özbəkistandakı səfirliklərinin, həmçinin Özbəkistanın nümayəndələri iştirak etmişlər.
Ölkəmiz üçün ayrılmış salonda Azərbaycanın gerbi, bayrağı, ulu öndər Heydər Əliyev haqqında Bakıda, Daşkənddə və digər ölkələrdə çap olunmuş kitablar, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı nəşrlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilmiş və paylanmışdır.
Burada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, böyük yazıçı Hüseyn Cavid, tanınmış rəssam Səttar Bəhlulzadə və Səmərqənddə yaşamış azərbaycanlı jurnalist, pedaqoq, alim və tərcüməçi Seyid Rza Əlizadə haqqında qurulmuş stendlər də tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədov salona gələn tamaşaçılara Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səttar Bəhlulzadə və Seyid Rza Əlizadənin həyat və fəaliyyəti haqqında geniş məlumat vermiş, onlara ədiblərlə bağlı məlumatlar toplusu və kitablar təqdim edilmişdir.
Salonda qurulmuş monitorda Azərbaycanın tarixi və mədəniyyəti, həmçinin bu ədiblər haqqında filmlər nümayiş etdirilmişdir.
Mədəniyyət həftəsi çərçivəsində bu ölkələrin milli mətbəx və şirniyyatlarının festivalı da keçirilmiş, iştirakçılar milli yeməklərimizin və Novruz şirniyyatlarının dadına baxmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd