MƏDƏNİYYƏT
Daşkənddəki “Jaxon” İnformasiya Agentliyi Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq musiqi festivalında iştirak edən Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadənin müsahibəsini vermişdir
Daşkənd, 3 sentyabr (AZƏRTAC). Özbəkistan Xarici İşlər Nazirliyinin “Jaxon” İnformasiya Agentliyi Səmərqənddə keçirilən “Şərq təranələri” doqquzuncu Beynəlxalq musiqi festivalında iştirak edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadənin musiqi bayramının yekunlarına dair müsahibəsini vermişdir.
Müsahibədə deyilir: “Mən qonaqpərvər Səmərqənd şəhərinə birinci dəfədir ki, gəlirəm və bu qədim, həm də müasir şəhərin gözəlliyinə, “Şərq təranələri” festivalının miqyasına, orada nümayiş etdirilən musiqi mədəniyyətinin rəngarəngliyinə heyran oldum. Fikrimcə, Səmərqənd haqlı olaraq dünya mədəni irsinin qorunması və dirçəldilməsinin simvoluna çevrilmişdir və möhtəşəm “Reqistan” meydanında çıxış etmək hər bir iştirakçı üçün böyük şərəf idi”.
Materialda qeyd edilir ki, festival çərçivəsində keçirilən elmi konfransda alimlər təcrübə mübadiləsi apardılar, öz tədqiqatlarının nəticələrini bir-biri ilə bölüşdülər.
Müsahibədə bildirilir ki, bu forumun başlıca ideyası dünyanın mədəni və mənəvi irsinin qorunmasına və dirçəldilməsinə xidmət etməkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd