Daşkənddən Parisə avtomobillə...
Bakı, 6 iyul, AZƏRTAC
Parisdə keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunlarının rəsmi açılışına hələ üç həftəyə yaxın vaxt qalsa da, Özbəkistandan bir qrup pərəstişkar və bloger ölkəni Olimpiadada təmsil edəcək həmvətənlərinə dəstək olmaq üçün artıq Fransaya səfər edib.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, səfərin uzun, lakin maraqlı olacağını vəd edir: Özbəkistan idmançılarının pərəstişkarları Fransaya avtomobillə gedirlər.
Yolasalma ərəfəsində Milli Olimpiya Komitəsində qrup üzvləri ilə görüş keçirilib. Tədbirdə Özbəkistanın idman naziri Ədhəm İkramov, Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi yanında Turizm Komitəsinin sədri Ümid Şodiyev, Milli Olimpiya Komitəsinin baş katibi Oybek Kasimov iştirak ediblər.
Qrupun ilk dayanacağı isə Səmərqənd şəhəri olub və burada özbək azarkeşlər və blogerlər Reqistan meydanında sakinlərlə görüşüblər. Analoji görüşlər iyulun 6-da Buxara və Xivədə, iyulun 7-də isə Nukusda keçiriləcək.
Səfər zamanı qrup üzvləri Özbəkistanın çoxəsrlik tarixindən və zəngin mədəniyyətindən, eləcə də ölkənin idman nailiyyətlərindən bəhs edən müxtəlif məlumat materialları götürüblər. Azarkeşlər və blogerlər bu materialları marşrutlarının keçdiyi ölkələrdə, eləcə də Parisdəki Olimpiadanın özündə yaymağı planlaşdırırlar.