REGİONLAR
Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilib
Daşkəsən, 4 iyun, Rauf Hacıyev, AZƏRTAC
5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illər Daşkəsən şəhərinin içməli su təminatı ciddi problem olsa da, bu məsələ Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Proqramına daxil edilərək yüksək səviyyədə həyata keçirilib. Hazırda Daşkəsən şəhərinin sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Sakinlərin təmiz, içməli su ilə təmin olunması, onların məişət şəraitinin yaxşılaşması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasına da müsbət təsir göstərir.
Ümumi sahəsi 190 kvadratmetr olan binada ulu öndər Heydər Əliyev guşəsi yaradılıb, işçi otaqları, İT otağı, iclas zalı, müştərilərin qəbulu üçün hər cür şərait yaradılıb. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.