ELM VƏ TƏHSİL
Daşkəsəndə iki yeni məktəb binası və bir uşaq bağçası istifadəyə verilmişdir
Daşkəsən, 17 sentyabr (AZƏRTAC). Bilik günündə Daşkəsəndə əsl bayram əhval-ruhiyyəsi yaşanmışdır.
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da rayonun ucqar yaşayış məntəqələri olan Quşçu və Əmirvar kəndlərində yeni tikilmiş 360 şagird yerlik yeni məktəb binalarının, eləcə də rayon mərkəzində müasir tələblərə cavab verən uşaq bağçası-körpələr evinin açılışı olmuşdur.
Açılış mərasimlərində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonda aparılan yenidənqurma işləri çərçivəsində təhsilin inkişafı üçün görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, qısa vaxt ərzində 7 məktəb binası tikilmiş, bir neçə uşaq bağçası əsaslı təmir edilmişdir. Hazırda rayon üzrə hər 30 şagirdə bir kompyuter düşür. Yaradılan bütün bu şəraitin nəticəsidir ki, təhsilin səviyyəsi getdikcə artır. Keçən il ali məktəblərə daxil olanların sayı 27 nəfər idisə, cari ildə bu rəqəm 43 nəfərə çatmışdır.
Mərasimdə Milli Məclisin deputatları Mübariz Qurbanlı və Rövşən Rzayev çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə olunan nailiyyətlərdən, xüsusilə təhsilimizin inkişafı üçün görülən işlərdən danışmışlar.
Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Əli İsmayılovun anası Yasəmən İsmayılova və Hafiz Qasımovun atası Kazım Qasımov söz açaraq yeni inşa edilən məktəblərə övladlarının adının verilməsini yüksək dəyərləndirmiş və minnətdarlıqlarını bildirmişlər.
Daha sonra rayon mərkəzindəki 5 saylı uşaq bağçası-körpələr evinin açılışı olmuşdur.
Çıxış edənlər ölkəmizdə uşaq-tərbiyə müəssisələrinin yeniləşdirilməsi istiqamətində görülən işlərdən danışmış, göstərilən diqqət və qayğıya görə, dövlətimizin başçısına minnətdarlıq etmişlər.