Daşkəsəndə yeni seysmik stansiya quraşdırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsən rayonunda yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı rayonunun Zərnava kəndində isə yeni seysmik stansiyanın quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.
Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində mərkəz tərəfindən respublika ərazisində 22 seysmik stansiya quraşdırılacaq. Bununla da ölkə ərazisində seysmik stansiyaların sayı 84-ə çatacaq. Seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi respublika ərazisində aparılan seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Məlumat üçün bildirək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi seysmik stansiyaların quraşdırılması və fəaliyyətinə, eləcə də aparılan kompleks geofiziki-seysmoloji tədqiqatların səviyyəsinə görə təkcə regionda deyil, MDB ölkələri, eləcə də Yaxın Şərq və Avropa ölkələri arasında liderdir.