REGİONLAR
“Davam” Gənclər Hərəkatı “Gənc liderlər üçün Qış Universiteti”nə başlayıb
Naftalan, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə fevralın 13-dək Naftalan şəhərində baş tutacaq "Gənc liderlər üçün Qış Universiteti"nə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Qış Universiteti" üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1800-dən çox gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 70 nəfərlik iştirakçı heyəti formalaşdırılıb.
Pandemiyanın yaratdığı vəziyyəti nəzərə alaraq gənclərin sağlamlığının qorunması məqsədilə fevralın 7-də "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində Təşkilat Komitəsinin nümayəndələri və seçilən gənc liderlər koronavirus təhlükəsinə qarşı PCR testi veriblər.
Proqrama əsasən fevralın 9-da gənc liderlər Naftalan şəhərinə yollanıblar. İlk olaraq layihə iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər güllər düzülüb. Sonra isə Naftalan şəhər Heydər Əliyev Mərkəzində layihənin açılış mərasimi baş tutub.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov, Milli Məclisin deputatı Naqif Həmzəyev, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak ediblər. Tədbir natiqlərin çıxışlarının ardından sual-cavab formatında qeyri-formal şəkildə davam edib.
"Qış Universiteti"ndə günün ikinci yarısı deputat Naqif Həmzəyev "Sağlam həyat tərzi gənc liderlərin motivatoru rolunda" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.