Azərbaycan Prezidenti Heydər Əliyev qısa istirahətdən sonra Ümumdünya İqtisadi Forumu təşkilat komitəsinin direktoru xanım M.Levinsonu və onun müavini N.Kiyonu öz iqamətgahında qəbul etdi. Xanım M.Levinson forumda müzakirə olunacaq məsələlər və keçiriləcək tədbirlər barədə Prezidentə ətraflı məlumat verərək dedi ki, belə görüşlərdə rəsmi sənədlər qəbul edilməsə də, ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirmək, əlaqələri genişləndirmək üçün faydalı fikir mübadiləsi aparılır, ümumdünya miqyaslı problemlər müzakirə olunur. Təşkilat komitəsi direktorunun fikrincə, müstəqilliyini yenicə qazanmış ölkələrin rəhbərlərinin bu forumda iştirakı həmin ölkələrin problemlərinin həllinə mühüm təsir göstərə bilər. Sonra xanım Levinson bildirdi ki, yanvarın 30-da forumda dünyanın enerji problemləri müzakirə olunacaq və orada Azərbaycan Prezidenti Heydər Əliyevin də çıxış etməsi nəzərdə tutulur.
Respublikamızın rəhbəri bu məlumatı razılıqla qarşıladı və ümid etdiyini bildirdi ki, Davos forumu, bir sıra ölkələrin dövlət və hökumət başçıları, böyük nüfuza malik olan şirkətlərin rəhbərləri ilə keçiriləcək görüşlər, aparılacaq danışıqlar Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin daha da genişləndirilməsində mühüm rol oynayacaqdır.
Böyük iqtisadi potensiala malik Azərbaycana son vaxtlar artan maraq və diqqətdən bəhs edən Heydər Əliyev respublika Dövlət Neft Şirkəti ilə dünyanın çox nüfuzlu neft şirkətləri konsorsiumu arasında 1994-cü il sentyabrın 20-də bağlanmış müqaviləni misal göstərərək dedi ki, bu maraq gündən-günə artır.
Heydər Əliyevin Davosda keçirəcəyi görüşlərin, aparacağı danışıqların proqramı olduqca gərgindir.