RƏSMİ XRONİKA
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN HOSPİTALININ YENİ BİNASININ TƏMƏLİ QOYULMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Martın 19-da Bakının Nərimanov rayonu ərazisində, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına hospitalının yeni binasının təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi. Hospitalın kollektivi Prezident İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladı.
Dövlətimizin başçısı inşa olunacaq yeni binanın layihəsi ilə tanış oldu. Məlumat verildi ki, ərazinin ümumi sahəsi 3 hektar, tikintinin sahəsi isə 2602 kvadratmetrdir. Beşmərtəbəli binanın sahəsi 14920 kvadratmetr olacaqdır. İnşaat işlərini “Vayzer Konstrukşin” tikinti şirkəti yerinə yetirəcəkdir. 320 çarpayılıq hospitalda 50 çarpayılıq terapiya şöbəsi, 50 çarpayılıq kardiologiya şöbəsi, stomatoloji cərrahiyyə bölməsi və ümumi cərrahiyyə, nevrologiya şöbələri, ümumi travmalar bölməsi və travmatologiya, uronefroloji, hemodializ, endokrinologiya, oftalmologiya və otolorinqologiya şöbələri fəaliyyət göstərəcəkdir. Hospitalda ortopedik travmatoloji, ixtisaslaşdırılmış və endoskopik əməliyyat otaqları, reanimasiya, intensiv terapiya, reabilitasiya və fizioterapiya müalicə şöbələri, şüa diaqnostikası, endoskopiya şöbələri, ultrasəs müayinəsi, qastroskopiya, bronxoskopiya kabinetləri, mərkəzi klinik diaqnostika laboratoriyası və aptek olacaqdır. Kompleksin gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev hospitalın maketinə baxdı, gələcəkdə onun ən müasir avadanlıqla təmin olunacağını söylədi.
Dövlətimizin başçısı dəmir gilizi binanın təməlinə qoydu və beton qarışığı tökdü.
Səhiyyə sahəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən tibb işçiləri Prezident İlham Əliyevi alqışlarla yola saldılar.