ELM VƏ TƏHSİL
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN SIRAVİ VƏ KİÇİK RƏİS HEYƏTİ HAZIRLAYAN MƏKTƏBİNDƏ YENİ TƏDRİS PROSESİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 16-da Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində yeni tədris prosesinin başlanması münasibətilə təntənəli mərasim keçirilmişdir.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov tədbiri giriş sözü ilə açaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi əsaslı islahatların bu gün həyatımızın bütün sahələrində, o cümlədən polis təhsilində səmərəli nəticələr verdiyini bildirmişdir. Daxili İşlər Nazirliyi sistemində kadr hazırlığının, təlim-tədrisin müasir, özünü doğrultmuş Avropa təcrübəsinə uyğun aparıldığını deyən nazir müavini vurğulamışdır ki, bu metodlar arasında ölkəmizə ən uyğunu olan Çexiya modeli seçilmişdir.
Qeyd olunmuşdur ki, A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə təhsilin keyfiyyətcə yüksəlməsi, maddi-texniki bazasının əsaslı surətdə qurulması üçün ATƏT-lə əməkdaşlıq səmərəli nəticələr vermiş, bu məqsədlə təşkilat tərəfindən 130 min avro ayrılmışdır. Həmin vəsait hesabına məktəbin binası əsaslı təmir olunmuş, ən müasir standartlara uyğun təhsilə imkan verən tədris bazası yaradılmışdır. Təhsilin səviyyəsinin yüksəldilməsi və yeni metodlarla tanışlıq məqsədi ilə məktəbin bir qrup müəllimi Praqa Polis Məktəbində, Çexiya Daxili İşlər Nazirliyinin nümayəndə heyəti isə Bakıda olmuşdur.
Ötən ilin aprelində Praqaya səfərini xatırladan Əsgər Ələkbərov bu tədris metodikası ilə ətraflı tanış olduqlarını, iyulda isə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bu proqramı təsdiq etdiyini diqqətə çatdırmış, 5 il ərzində ekspertlərin birgə hazırladıqları həmin layihənin bu ildən tədris ediləcəyini bildirmişdir.
ATƏT-in nümayəndəsi Andras Huqyik, Çexiya Respublikası Daxili İşlər Nazirliyinin departament rəisi xanım Helena Tomkola, A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəis müavini, polis polkovnik -leytenantı Yusif Səfərov hazırkı tədris proqramının ən qabaqcıl, sivil Avropa təcrübəsini əhatə etdiyini, bu zaman ictimai polis layihəsi, ingilis dili və kompyuter texnikası kimi yeni fənlərin öyrəniləcəyini bildirərək layihənin yaxın vaxtlarda respublikanın şəhər və rayonlarında müsbət nəticələr verəcəyini diqqətə çatdırmışlar.
General-leytenant Əsgər Ələkbərov məktəbin yeni rəisi, polis polkovniki Ramiz Abdullayevi tədbir iştirakçılarına təqdim etmişdir.