ELM VƏ TƏHSİL
Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçiriləcək
Bakı, 26 fevral, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 1-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan saat 11.00-da Bakı Qızlar Universitetinin binasında (ünvan: M.Sənani küçəsi 14) təşkil olunacaq və 3 saat ərzində aparılacaq.
Sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri “Mübariz keşikdə” qəzetində, həmçinin digər kütləvi informasiya vasitələrində, ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunub, DİN-in rəsmi internet saytında yerləşdirilib.
Sənədlərin qəbulu 2014-cü il noyabrın 24-dən dekabrın 24-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılıb.
Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 124-ü pedaqoji, 83-ü isə hüquq istiqaməti üzrə sənəd verib.
Namizədlərə test imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” fevralın 24-dən təqdim olunur.
İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunur. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırığıdır. Pedaqoji istiqamət üzrə imtahan verən namizədlərə isə 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual psixologiya, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlərdir.
Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.