SİYASƏT
DAXİLİ QOŞUNLARIN QALA TƏDRİS MƏRKƏZİNİN NƏZDİNDƏ YARADILMIŞ ORTA İXTİSAS ZABİT MƏKTƏBİ MƏZUNLARININ İLK BURAXILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 5-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) Qala Tədris Mərkəzinin nəzdində yaradılmış Orta İxtisas Zabit Məktəbi məzunlarının ilk buraxılışına və hərbi hissəyə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən döyüş bayrağını hərbi hissə komandirinə təqdim etmişdir.
Daxili Qoşunların komandanı, daxili işlər nazirinin müavini Zakir Həsənov məktəbi bitirən 90 nəfər məzunu təbirk edərək, onlara seçdikləri şərəfli peşədə uğurlar arzulamış, tövsiyələrini vermişdir.
Z.Həsənov bildirmişdir ki, məktəbdə tədris üçün bütün şərait yaradılmış, tədris bazası ən müasir tələblər əsasında qurulmuşdur. Məktəbdə dərslərin keçirilməsində Türkiyə Jandarma Komandanlığının zabitlərinin də yaxından iştirak etdiyini deyən komandan bildirmişdir ki, onlar məktəbdə tədris olunan praktiki-səhra təlimlərini, nəzəri dərslərin səviyyəsini yüksək qiymətləndirirlər.
İki ildir fəaliyyət göstərən məktəbin Daxili Qoşunların gələcək komandirlərinin hazırladığını deyən DQ komandanının müşaviri Ahmet Sevgi, məktəbdə tədrisin NATO standartlarına uyğun qurulduğunu, Daxili Qoşunların beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyini diqqətə çatdırmışdır.
Ümummilli lider Heydər Əliyevin daim Daxili Qoşunların inkişafına diqqət yetirdiyini deyən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, Daxili Qoşunların şəxsi heyəti ölkədə sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilmişdir.
Nazir xüsusi vurğulamışdır ki, ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün güc strukturlarına diqqəti artırmış, onların ən müasir texniki vasitələrlə təmin edilməsinə böyük önəm vermişdir. Həmçinin daxili işlər orqanlarına və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların müasir texnika ilə təchiz edilməsinə, eyni zamanda onların sosial problemlərinin həllinə daim diqqət yetirmişdir.
R.Usubov Daxili Qoşunların formalaşmasında, peşəkarlığının artırılmasında Türkiyə Silahlı Qüvvələrinin və Jandarm Komandanlığının köməyini xüsusi qeyd etmişdir.
Sonra ilk məzunlar adından məktəbin yaş kötüyünə xatirə löhvəsi vurulmuşdur. Nazir Ramil Usubov təhsildə fərqlənən məzunlara diplomlar təqdim etmişdir.
Ramil Usubov Azərbaycan Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, Daxili Qoşunların zabiti polkovnik-leytenant Tofiq İslamovun oğlu, məktəbin ilk məzunlarından biri olan Elman İslamova atasının mükafatını təqdim etmişdir.
Sonda məzunlar və Daxili Qoşunların digər hissələri təntənəli marşla tribunanın önündən keçmişlər.
Mərasimdə Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev iştirak etmişlər.