DÜNYA
“Debbi” qasırğası Avstraliyada 35 mindən çox evi işıqsız qoyub
Bakı, 28 mart, AZƏRTAC
Avstraliya Meteoroloji Bürosunun verdiyi məlumata əsasən, səhər saatlarından etibarən Queensland əyalətinin şimalında tüğyan edən və 35 mindən çox evi işıqsız qoyan “Debbi” qasırğası səbəbindən təxminən 400 məktəb və uşaq bağçası müvəqqəti olaraq bağlanıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Bowen, Mackay, Withsunday, Airlie Beach bölgələrində sürəti bəzi hallarda saatda 270 kilometrə çatan qasırğanın gün ərzində davam etməsi gözlənilir.
Avstraliya Müdafiə Nazirliyi, Təcili Yardım Xidməti, Queensland polisi və xəstəxanalar “Debbi” tropik qasırğasından əziyyət çəkən bölgələrə kömək göstərmək üçün hazır vəziyyətə gətirilib.
Qasırğanın dağıdıcı təsirinə məruz qalan bölgələrdə aşan ağaclar bir çox yolu bağlayıb. Təbii fəlakətin ölkəyə vurduğu zərər isə təhlükə aradan qalxdıqdan sonra məlum olacaq.