İQTİSADİYYAT
“Debütbank” və “Kövsərbank”ın lisenziyaları ləğv edilmişdir
Bakı, 2 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarına əsasən, minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə “Debütbank” ASC və “Kövsərbank” ASC-yə verilmiş lisenziyalar ləğv edilmişdir.
Həmin qərarla “Debütbank” və “Kövsərbank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edilmişdir. Müvəqqəti inzibatçılar bankların yerləşdiyi müvafiq ünvanlarda fəaliyyət göstərirlər.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq “Debütbank” və “Kövsərbank” ASC-lərin bank lisenziyalarının ləğv olunması barədə qərar dərc edildiyi günün ertəsi günündən qüvvəyə minir.