“DƏDƏ QORQUD” ABİDƏ KOMPLEKSİNİ ZİYARƏT
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Qazax şəhərində “Dədə Qorqud” abidə kompleksini ziyarət etmişdir.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1999-cu il 21 fevral tarixli Sərəncamına əsasən, Qazax şəhərinin şərq girəcəyində “Dədə Qorqud” meydanı salınmışdır. 2005-ci ildə meydan tamamilə yenidən qurulmuşdur və 5 min kvadratmetr sahəni əhatə edir. Meydanda Dədə
Qorqudun 9 metr hündürlüyündə heykəli qoyulmuşdur və dastanın 12 boyunu əks etdirən kompozisiyalarla birlikdə yaraşıqlı kompleks yaranmışdır.
Burada ulu öndərin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin bu gün üçün də, gələcək nəsillər üçün də, dünya üçün də böyük əhəmiyyəti vardır” kəlamı yazılmış lövhə də vurulmuşdur.
Prezident İlham Əliyev bu ulu dastanla bağlı qədim Qazax torpağında belə abidə kompleksinin yaradılmasını tariximizin bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılması baxımından çox əhəmiyyətli olduğunu vurğuladı, eyni zamanda onun şəhərə
xüsusi yaraşıq verdiyini bildirdi.
Sonra Qazax aşıqları Prezident İlham Əliyevin və xanımının gəlişi şərəfinə el havaları ifa etdilər.
Daha sonra dövlətimizin başçısına Qazağın rəmzi sayılan Dilboz atı hədiyyə olundu. Dilboz atı (Qazax atı da deyilir) Azərbaycanda XVIII əsrin sonu - XIX əsrin əvvəllərində yetişdirilmiş cinsdir. Bu atların boz rəngli yaxşı minik tipi vaxtilə Dilbazilər nəslinin ilxısında çox yayıldığına görə ona Dilboz (Dilbazi) atı adı verilmişdir. Prezident İlham Əliyev və Mehriban xanım atın yanında xatirə şəkli çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Qazağa səfərini başa çatdıraraq Tovuz rayonuna yola düşdü.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Qazax rayonundan Tovuz rayonuna gəlmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül qoydular.
Dövlətimizin başçısı sonra şəhərdə tikiləcək yeni obyektlərin və giriş alaqapının layihəsi ilə tanış oldu, Tovuz Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimində iştirak etdi.
Mərasimi Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açdı. Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Təməlqoyma mərasimi başa çatdıqdan sonra dövlətimizin başçısı “Heydər Əliyev seyrəngahı”nı gəzdi, Tovuz rayonunun Aşağı Ayıblı kənd məktəbi üçün 1776 şagird yerlik binanın tikintisi ilə yaxından tanış oldu.
Prezident İlham Əliyev elə həmin gün, mayın 30-da Tovuzdan Gəncə şəhərinə gəldi.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Gəncənin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Prezident İlham Əliyev sonra Gəncənin qədim qapılarının ilkin şəkildə bərpası üçün görülən işlərlə tanış oldu, habelə Cəfər Cabbarlı adına 6 nömrəli orta məktəbin təmiri ilə maraqlandı.
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Qərb bölgəsinə səfəri başa çatdı. Dövlətimizin başçısı mayın 30-da axşam Bakıya qayıtdı.