DƏDƏ QORQUD PARKINDA GÖRÜŞ
Parka toplaşmış minlərlə sakin dövlətimizin başçısını və onun xanımını böyük səmimiyyətlə və hərarətli alqışlarla qarşıladılar. Prezident İlham Əliyev şəhər sakinləri ilə görüşüb səmimi söhbət etdi, onların qayğıları və problemləri ilə yaxından maraqlandı. Sakinlər bildirdilər ki, onlar müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasətini həmişə müdafiə etmişlər. İndi də bu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevi daim dəstəkləyəcək, ölkəmizin gələcəyi naminə onun ətrafında sıx birləşəcəklər.
Yevlaxlılar son vaxtlar şəhərdə aparılan abadlıq və quruculuq işlərinə, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün görülən tədbirlərə görə dövlətimizin başçısına təşəkkürlərini ifadə etdilər. Eyni zamanda bildirildi ki, şəhərdəki Dədə Qorqud parkı daxili imkanlar hesabına müasir standartlar səviyyəsində yenidən qurulmuş, burada istirahət üçün hər bir şərait yaradılmışdır.
Prezident İlham Əliyev Dədə Qorqud parkında Yevlax şəhərinin musiqi kollektivlərinin ifasında ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş mahnıları da dinlədi, musiqiçilərə təşəkkürünü bildirdi.