İQTİSADİYYAT
“Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın bank lisenziyaları ləğv edilib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı iyulun 22-də keçirdiyi mətbuat konfransında məlumat verib. Qeyd edib ki, Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.
“Bütövlükdə, bu qərarın verilməsində əsas məqsəd bank sektorunda sabitsizliyə, əhalinin və biznesin banklarda olan əmanətlərinə mümkün ola biləcək təhlükələrin qarşısının əvvəlcədən alınmasıdır. Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlılığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib”, - deyə R.Aslanlı qeyd edib.
İyulun 22-dən lisenziyaları ləğv olunan banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin olunması barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nin nəzarəti altında aparılacaq.
R.Aslanlı deyib: “Dörd bankın hər biri Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və qanuna müvafiq olaraq fond həmin banklarda olan qorunan əmanətlərə kompensasiya ödəyəcək. Bu məqsədlə yetərli dərəcədə vəsait var. Son bir neçə gün ərzində bu proseslərə hazırlıq gedişatında Əmanətlərin Sığotalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə ciddi iş aparıb və fond qısa bir müddətdə vəsaitlərin ödənişi üçün hazır olacaq. Qanunvericiliyə əsasən, kompensasiyaların ödənişinə banka ləğvedici təyin olunduqdan, yəni onun lisenziyasının geri çağırılıb və sığorta hadisəsi baş verdikdən sonra 7 gün ərzində başlanılır”.
“Hər kəsi maraqlandıran bir sual ola bilər ki, digər banklarda, ümumiyyətlə bank sektorunda situasiya nə dərəcədə stabildir? Əminliklə deyə bilərəm ki, bank sektorunda əhalini və yaxud biznesi, iş adamlarını, banklarla əlaqədə olan digər tərəfdaşları narahat edəcək hər hansı ciddi bir problem mövcud deyil. Banklar normal rejimdə fəaliyyətini davam etdirirlər. Hətta bu 4 bankın da maliyyə dayanıqsızlığı, maliyyə çətinliyi olduğu son günlər hiss olunmurdu. Çünki biz bu proseslərin vaxtında və iqtisadi proseslərə təsirsiz idarə olunması üçün əlimizdən gələn bütün vasitələrdən istifadə edirik. Bu qərarın da məhz vaxtında verilməsi ona xidmət edir ki, ayrı-ayrı banklarda olan xırda problemlər sonradan böyük problemə və sistemin digər iştirakçılarına yoluxan problemə çevrilməsin. Əmin edə bilərəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası hər bir maliyyə təsisatı və bütövlükdə maliyyə sisteminin sabitliyi üçün zəruri olan bütün addımları atır və narahat olacaq hər hansı bir gözlənti, əlavə bir risk bu gün mövcud deyil”, - deyə R.Aslanlı bildirib.