DƏLƏDUZ OĞULUN AQİBƏTİ
Bakı, 23 sentyabr (AZƏRTAC). Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərindən daxil olmuş birgə məlumatda deyilir ki, sentyabrın 18-də Bakı şəhər sakini Səlim Ağayev şikayət ərizəsi ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək paytaxtdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olan, 1973-cü il təvəllüdlü oğlu İlqarın naməlum şəxslər tərəfindən oğurlanması və azadlığa buraxılması müqabilində ailə üzvlərindən 36 min ABŞ dolları tələb edilməsi barədə məlumat vermişdir.
Faktla bağlı dərhal Xətai Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılmış, daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq və əməliyyat-axtarış qrupu yaradılmışdır.
İstintaq araşdırmaları ilə müəyyən edilmişdir ki, İlqar Ağayev valideynlərindən dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirmək üçün sentyabrın 17-də özünə məxsus mobil telefondan bacısı Mehriban Ağayevanın telefonuna mesaj göndərərək guya naməlum şəxslər tərəfindən oğurlandığını və azadlığa buraxılması üçün ondan 36 min ABŞ dolları tələb edildiyini bildirmişdir.
Bundan sonra o, sentyabrın 17-dən 20-dək bacısı Mehriban Ağayevanın mobil telefonuna bir neçə mesaj göndərməklə pulun hazır olub-olmaması ilə maraqlanmış və sonuncu sentyabrın 20-də İlqara pulun hazır olduğunu və birlikdə lazım olan yerə çatdırıla biləcəyi barədə mesaj göndərmişdir. Lakin İlqar birlikdə gedəcəkləri halda oğurlandığı şəxslər tərəfindən öldürüləcəyini bəhanə gətirərək bacısının bu barədə təklifini rədd etmiş və ona yenidən mesaj göndərərək Bakıxanov qəsəbəsi ərazisində - 235 nömrəli marşrut mikroavtobuslarının sonuncu dayanacağında görüşmələrini və onlardan pulu alıb həmin şəxslərə verdikdən sonra evə buraxılacağı barədə məlumat vermişdir.
Həmin gün saat 15 radələrində İlqar, bacısı və atası ilə əvvəlcədən müəyyənləşdirdiyi yerdə görüşərək onlardan 30 min ABŞ dollarını qəbul etmişdir. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanmış və nömrələri qabaqcadan qeyd edilmiş 30 min ABŞ dolları məbləğində əskinaslar onun üstündən götürülmüşdür.
Cinayət işi sentyabrın 20-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə) maddələrinə tövsif olunmaqla İlqar Ağayev həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək tutulmuşdur.
İstintaq zamanı İlqar Ağayev ifadəsində guya ayrı-ayrı şəxslərə olan borclarını qaytarmaq məqsədi ilə belə bir addım atdığını bildirməklə, əslində heç kəs tərəfindən oğurlanmadığını və ondan pul tələb edilmədiyini göstərmişdir.
Sentyabrın 21-də İlqar Ağayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilmış və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə Xətai Rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.