REGİONLAR
Dələduzluq yolu ilə 40 min manatdan çox pulu mənimsəyən qadın saxlanılıb VİDEO
Quba, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını mənimsəyən rayon sakini, 49 yaşlı İradə Xuraminacatı saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan qadın törətdiyi cinayət əməllərini etiraf edib.
Saxlanılan şəxsin rayon ərazisində vətəndaşların etibarından istifadə edərək, onlara torpaq sahələri satacağını, yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, zərərçəkənlərə xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də rayon ərazisində balıq məhsullarının satış mərkəzini təşkil edəcəyi barədə vədlər verərək, ümumilikdə, 40 min manatdan çox pulu dələduzluq yolu ilə mənimsədiyi müəyyən olunub.
İradə Xuraminacat törətdiyi cinayət əməllərinin məsuliyyətindən yayınmaq məqsədi ilə bir müddət Bakı şəhərində yaşamış və ətrafdakılara özünü dindar bir şəxs kimi təqdim edərək, üzünün tanınmaması üçün dini geyimlərdən, həmçinin hicabdan istifadə edib.
Polis əməkdaşları İradə Xuraminacatın digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər bu qadının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından (023-335-35-11; 335-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.