İQTİSADİYYAT
Dəmir Yollarının Zəyəm-Qovlar mənzilində 12,4 kilometr yolun əsaslı təmirinə başlanılıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Dəmir Yollarının Zəyəm-Qovlar mənzilində 12,4 kilometr yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri on gün davam edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işlərini yeni yaradılmış 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çex Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 48 kilometr dəmir yolu əsaslı təmir olunub.