İQTİSADİYYAT
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 41 kilometr yol əsaslı təmir olunub
Bakı, 22 may, AZƏRTAC
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 41 kilometr yol əsaslı təmir olunub. Hazırda Xırdalan-10-cu blok post mənzilində 1150 metr uzunluğunda baş yolların təmiri həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun təmirinə ötən il martın 3-dən start verilib. Bu işləri İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.