İQTİSADİYYAT
Dəmir yolunun Malay-Yevlax mənzilində 8 kilometr yolun əsaslı təmirinə start verilib
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də Malay-Yevlax mənzilində 8 kilometr uzunluğunda yolun əsaslı təmirinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 328 kilometr dəmir yolu əsaslı təmir olunub.