İQTİSADİYYAT
Dəmir yolunun Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb
Bakı, 28 avqust, AZƏRTAC
Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişində) eyni səviyyəli dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq, avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb. Hazırda kommunikasiya qurğularının (telefon, qaz, su, kanalizasiya) köçürülməsi və svayların vurulması işləri aparılır. İstinad divarları hazır olan kimi tunelin qazılması prosesi həyata keçiriləcək.
Bu tunelin tikintisi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Qeyd edilib ki, bu dəmir yolu keçidindən çoxsaylı marşrut xətləri keçirdi. Günün pik saatlarında, qatarların hərəkəti zamanı, avtomobillər xeyli müddət yolun açılmasını gözləməli olurdular. Tunel istifadəyə veriləndən sonra bu problem də aradan qalxacaq.
Yeraltı tunelin uzunluğu 262 metr, eni isə 15 metr olacaq. Tuneldə avtomobillərin hərəkəti üçün 3 yol ayrılacaq. 2-si Bakıxanovdan Sabunçu istiqamətinə, 1-i isə Sabunçudan Bakıxanov istiqamətinə gedəcək.
İşlər sürətlə davam edir. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında vətəndaşlara məlumat veriləcək.