Demokratiya qalib gəldi!
Berlin, 10oktyabr (AZƏRTAC). Bu gün prezidentliyə namizədlərin hamısı seçkiyə qoşuldu, onlardan heç biri öz namizədliyini geri götürmədi və öz tərəfdarlarını seçkiləri boykot etməyə çağırmadı. Bu o deməkdir ki, onların hamısı səsvermə günündən əvvəlki seçkiqabağı dövrü təmiz mübarizə dövrü hesab etmişlər. Əks halda narazı namizəd seçkilərdə iştirak etməkdən vaz keçərdi.
Hər birinə (xüsusən məcmu halda) tam etibar etdiyim bir neçə exit-poll məlumatlarına əsasən, fəaliyyətdə olan Prezident İlham Əliyev bu seçkilərdə inandırıcı və təmiz qələbə qazanmışdır. Seçicilərin mütləq əksəriyyəti ona səs vermişdir.
Demokratiya budur. Bu sözün mənasını bilməyənlərə xatırlatmaq istərdim ki, “dêmos” - “xalq”, “kratos” isə “hakimiyyət” deməkdir. Yəni demokratiya - xalq hakimiyyəti, xalqın hakimiyyəti, əksəriyyətin hakimiyyəti deməkdir. Demokratiya qalib gəldi!
Bu şəraitdə Prezident Əliyevin istefa verməsini və hakimiyyətə bir başqasının gəlməsini tələb etmək cüzi azlığın üstünlük verdiyi dəyərləri əksəriyyətə zorla qəbul etdirmək deməkdir. Fikir verin, bunu məhz bağıra-bağıra özlərini “demokrat” adlandıranlar tələb edirlər.
Uduzanda da ləyaqətlə uduzmaq lazımdır. Bir halda ki, uduzmusan, qalib gələnə zəng vur və onu qələbə münasibətilə təbrik et. İnsan kimi, sivil qaydada. Qrantlar aldığın və sonra hesabat verməyə getdiyin ölkələrdə olduğu kimi.
Yeri gəlmişkən, mən heç şübhə etmirəm ki, özünü biabır etmiş müxalifət və Azərbaycanın xaricdəki “dostları”, adətən olduğu kimi, yenə də hay-küy salacaqlar ki, seçkilər “saxtalaşdırılmışdır”, onların namizədinin “qələbəsi oğurlanmışdır” və s. Seçkilərdən xeyli əvvəl mən yazmışdım ki, müxalifət qabaqcadan, hələ seçkiqabağı marafon başlamamış bəyanat mətni hazırlamış, həmin bəyanatda o vaxt hələ qarşıda olan seçkilər əvvəlcədən “saxtalaşdırılmış” elan edilmişdir. Hələ səsvermə başa çatmamış “Musavat” qəzetinin saytında oxuyuram ki, Pənah Hüseynov seçkiləri artıq indidən “qeyri-legitim” adlandırmış və müxalifəti seçkilərin nəticələrini tanımaqdan imtina etməyə çağırmışdır. Əlbəttə, seçkilər “qeyri-legitimdir”, axı seçkilər yalnız Cəmil Həsənlinin qalib gələcəyi halda “legitim” ola bilər. Bütün başqa hallarda onlar apriori təmiz, ədalətli ola bilməz. Nə olsun ki, seçicilərin mütləq əksəriyyəti İlham Əliyevə səs vermişdir. Bu, hesaba alınmır, bu, “xırda məsələdir”, onunla hesablaşmamaq olar. Əksəriyyətlə hesablaşmamaq. Xalqla hesablaşmamaq! Dêmos ilə hesablaşmamaq! Və bu halda özünü “demokrat” adlandırmaq olar.
Qələbəniz mübarək, İlham Əliyev! Qələbən mübarək, Azərbaycan xalqı!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin