İQTİSADİYYAT
Dəniz Administrasiyası Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, imzalama ARDDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 15-17 mart tarixlərində Koreya Respublikasının Seul şəhərində səfəri zamanı baş tutub.
Səfər çərçivəsində Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlər keçirilib və görüşlər zamanı maraq doğuran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb. Hər iki Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və Koreya Respublikasının Okeanlar və Balıqçılıq naziri Yoon Hag Bae imzalayıb.
Dəniz nəqliyyatı sahəsində dostluq, dəniz ticarəti əlaqələrinin inkişafını və əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun əsas məqsədi Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Koreya Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, eləcə də tərəflərin limanlarında dəniz nəqliyyatı ilə daşımaların inkişafına mənfi təsir göstərə biləcək maneələrin aradan qaldırılması üzrə birgə səylər göstərməkdir.
Dəniz nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək adıçəkilən Anlaşma Memorandumunda, həmçinin peşəkar dənizçilərin həvəsləndirilməsi və dəniz nəqliyyatı sahəsində mütəxəssislərin mübadiləsi üzrə bir sıra təlim proqramlarının da dəstəklənməsi nəzərdə tutulub.
“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu”nun əsas məqsədi isə tərəflər arasında dəniz nəqliyyatı sahəsi üzrə təhsil və təlimin, habelə dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması və bu sahədə faydalı əməkdaşlığın təmin edilməsidir.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə Birləşmiş Millətlər Təşkilatının dəniz nəqliyyatı sahəsi üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstəyin səviyyəsindən məmnunluq ifadə olunub və dəniz nəqliyyatı sahəsi ilə bağlı məlumat mübadiləsinin həyata keçirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.